Çin yaşlı vətəndaşları barədə qərar verdi: Xüsusi geyim və ayaqqabıları olacaq

 13:27 17.01.2024     227

Çin ölkə əhalisinin sürətlə qocalması fonunda öz iqtisadiyyatını bərpa etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, “Vedomosti” bu barədə Çin Xalq Respublikası Dövlət Şurası ofisinin “gümüş iqtisadiyyat” adlanan inkişafın planına istinadən məlumat yayıb.

Bu ideyanı həyata keçirmək üçün hakimiyyət dövlət qurumlarını yaşlı vətəndaşların ehtiyaclarına uyğunlaşmağa çağırıb. Nəticədə yaşlı vətəndaşlar ehtiyac duyduqları mal və xidmətləri ala və “xoşbəxt həyatdan həzz ala biləcəklər”, - sənəddə deyilir.

Dövlət Şurasının planında qeyd olunan tezislər yaşlı çinlilərin istehlak sektorunda, əyləncə və sosial qurumlarda ehtiyaclarının ödənilməsinə, eləcə də lazımi sosial dəstəyin alınması üçün tədbirlərə aiddir. Təkliflər arasında yaşlı vətəndaşlar üçün yeməklərin çatdırılması və evdə qulluq xidmətlərinin inkişafı da var. Bundan əlavə, Çin hakimiyyəti əhalinin bu kateqoriyası üçün xüsusi geyim və ayaqqabıların yaradılmasına, həmçinin onlar üçün sağlam qida məhsullarının hazırlanmasına çağırıb.

 Yaşlı çinlilər turizm xidmətlərindən, o cümlədən “nostalji turlarından” faydalanacaqlar.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının məlumatına görə, hazırda Çin əhalisinin əksəriyyətini 15-59 yaş arası əmək qabiliyyətli vətəndaşlar təşkil edir, 60 yaşdan yuxarı insanların sayı isə cəmi 20 faizdir. Lakin hökumətin proqnozlarına görə, 2030-cu ilə qədər onların payı əhalinin üçdə birinə qədər artacaq.

NƏRGİZ