Bu illərdə doğulanların xərçəngə tutulmaq riski daha yüksəkdir

 01:45 12.04.2024     767

Yeni bir araşdırma gənc nəsillərin daha sürətli qocaldığını və bunun xərçəng riskini artıran əhəmiyyətli amil olduğunu aşkar edib.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, hansı illərdə doğulanların bu riskə daha çox məruz qaldığı da hesablanıb.

Tədqiqatçılar 1950-1954-cü illərdə doğulmuş yaşlı insanlarla müqayisədə 1965-ci ildən sonrakı dövrdə dünyaya gələnlərin sürətli qocalıq ehtimalının 17% daha çox olduğunu müəyyən ediblər.

Nəticələr göstərib ki, 55 yaşdan aşağı yetkinlərdə daha sürətli qocalmanın ən vacib göstəricilərindən biri də bəzi xərçəng növlərinə tutulmaq riskinin yüksək olmasıdır.

Sent-Luisdəki Vaşinqton Universiteti Tibb Məktəbinin doktorantı, tədqiqatçı Ruiyi Tian məsələ ilə bağlı bunları deyib:

"Dünyada gənc yetkinlər arasında xərçəngin bir çox növü getdikcə daha çox yayılır. Bu artımı tətikləyən faktorların anlaşılması gənc və gələcək nəsillərdə xərçəngin erkən diaqnozunda və xəstəliyin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq”.

O, mövzu ilə bağlı araşdırmaların davam etdiyini vurğulayıb.

Qeyd edilib ki, bu araşdırma üçün tədqiqatçılar Böyük Britaniyada Biobank layihəsində iştirak edən təxminən 149 000 insanın qan məlumatlarını təhlil ediblər.

Komanda hər bir insanın bioloji yaşını və ya bədəninin vəziyyətindən asılı olaraq əslində neçə yaşında göründüyünü hesablamaq üçün qanda tapılan doqquz biomarkerdən ibarət məlumatlardan istifadə edib.

Tədqiqatçılar vaxtından əvvəl qocalmada hər bir vahid artım zamanı aşağıdakı xərçəng növlərinin riskinin də artdığını aşkarlayıblar:

Erkən başlayan ağciyər xərçəngi riski - 42%

Erkən yaşda mədə-bağırsaq xərçəngləri riski - 22%

Erkən dövrdə uşaqlıq boynu xərçəngi riski - 36%

Erkən qocalma həmçinin yetkinlərdə gec başlayan mədə-bağırsaq xərçəngi riskini 16% və gec başlayan uşaqlıq boynu xərçəngi riskini 23% artırır.

"Erkən qocalma və erkən başlanğıclı xərçəng riski arasındakı əlaqəni araşdıraraq, biz xərçənglərin ümumi səbəbləri haqqında yeni fikirlər təqdim edirik. Bizim tapıntılarımız göstərir ki, bioloji qocalmanı yavaşlatmaq üçün müdaxilələr xərçəngin qarşısını almaq üçün yeni bir yol ola bilər və erkən yaşlanma əlamətləri olan gənc fərdlər üçün xərçəngin erkən aşkarlanmasına kömək edə bilər”, - Ruiyi Tian qeyd edib.

O, vurğulayıb ki, nəticələr qorxulu olsa da, həll üsulunun tərkib hissəsidir.

Komanda bundan sonra gənclərin niyə daha sürətli qocaldığını və bunun onların xərçəng riskini niyə artırdığını anlamağa çalışacaq.

Tədqiqatçılar öz nəticələrini San Dieqoda keçirilən Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının toplantısında təqdim ediblər.