Spirtli içkini daha çox varlılar qəbul edir - ARAŞDIRMA

 23:19 17.05.2024     655

Avstraliyanın Kvinslend Universitetinin tədqiqatçılarının apardığı yeni araşdırmaya görə, yüksək sosial-iqtisadi statusu olan insanlar, aşağı sosial-iqtisadi statuslu insanlardan orta hesabla daha çox spirtli içki qəbul edirlər.

Redaktor.az xəbər verir ki, elmi işin nəticələri "Drug and Alcohol Dependence" (DAD) jurnalında dərc olunub.

Alkoqol istehlakının müxtəlif gəlir səviyyələri, təhsili və sosial statusu olan sosial qruplar arasında necə bölüşdürüldüyünü öyrənmək üçün alimlər bütün Avstraliyada tullantı sularının təhlili üçün xüsusi texnologiyadan istifadə ediblər. Qeyd olunur ki, su nümunələri 2016-cı ildən 2023-cü ilə qədər götürülüb. Alimlərin fikrincə, tədqiqat əhalinin 50%-ni əhatə edib.

Məlum olub ki, alkoqol istehlakının artması daha çox sosial-iqtisadi statusu yüksək olan, sakinlərinin təhsili və gəliri yüksək olan, eləcə də perspektivli iş yerlərinin mövcud olduğu şəhər və rayonlarda müşahidə olunur.

Tədqiqatçıların fikrincə, belə nəticələr bir sıra amillərlə - varlı insanlar üçün alkoqolun iqtisadi əlçatanlığı və onların spirtli içkilərdən istifadəni nəzərdə tutan ictimai fəaliyyətlərə cəlb olunması (bayramlarda, müxtəlif yığıncaqlarda və banketlərdə iştirak) bağlı ola bilər.

Turan İSMAYIL