Musiqi yaddaşı cavan SAXLAYIR

 11:45 31.07.2024     777

İnsanın musiqini yadda saxlamaq, tanımaq qabiliyyəti yaşdan asılı deyil. Əvvəlki araşdırmalar yaddaşın bir çox aspektlərinin qocalmaya həssas olduğunu göstərib. Lakin bu, məlum bilik və avtomatik prosesləri əhatə edən tapşırıqlara aid edilmir.

Redaktor.az xəbər verir ki, Böyük Britaniyanın Linkoln Universitetindən Sarah Sauve "PLoS ONE"da dərc edilən araşdırmada konsertdəki insanların tanış musiqi mövzularını nə dərəcədə yaxşı tanıya bildiyini araşdırıb. Bu sınaqda 18 yaşdan 86 yaşa qədər təxminən 90 sağlam yetkin iştirak edib. Konsertin lent yazısını laboratoriyada daha 31 nəfər izləyib.

Tədqiqat üç kompozisiya üzərində cəmlənib. Bunlar Motsartın “Eine kleine Nachtmusik” əsəri və xüsusi sifarişlə hazırlanmış iki eksperimental əsərdir.

Məlum oldu ki, "Eine kleine Nachtmusik" melodiyası bütün yaş və musiqi üstünlükləri olan insanlar arasında eyni dərəcədə yaxşı tanınır və bu qabiliyyət yaş artdıqca pisləşməyib. Tədqiqat həmçinin konsert və laboratoriya iştirakçıları arasında performans baxımından heç bir yaş fərqi tapmayıb.

Sidney Universitetinin koqnitiv nevroloqu Steffen Herffin fikrincə, musiqi yaddaşının yaşa bağlı dəyişikliklərə bu qədər davamlı olmasının səbəbi musiqinin doğurduğu duyğulardır. Bu yolla insanların yaddaşında daha möhkəm yerləşir.

Sevinc İBRAHİMZADƏ