Antarktidada yırtıcı mikroorqanizmlər aşkar EDİLDİ

 09:00 05.08.2024     533

Sidney Texnologiya Universiteti və Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər.

Redaktor.az xəbər verir ki, mütəxəssislər bu barədə “Nature Communications” üçün hazırladıqları məqalədə yazıblar.

Onların fikrincə, Antarktidanın sərt şəraitində mövcud olan qədim mikroorqanizmlər xüsusi formada parazitar yırtıcılar kimi çıxış edə bilər. Tədqiqatçılar Antarktidanın dərinliklərində ekstremal şəraitdə uğurla sağ qalan təkhüceyrəli orqanizmlər arxeylərin evi adlanan Dərin gölün olduğunu bildiriblər.

Alimlər qeyd ediblər ki, göldə aşağı temperatur və yüksək duz tərkibinə baxmayaraq, mikroorqanizmlər nəinki sağ qalır, həm də asanlıqla yırtıcı davranış nümayiş etdirirlər. Bu davranış arxeylərdə əvvəllər heç vaxt sənədləşdirilməyib.

Mütəxəssislərin fikrincə, bu arxeylər müəyyən canlıların ana hüceyrələrinə nüfuz edərək onları məhv edə bilir. Bu davranış da bəzi viruslara bənzəyir.