Kainatda baş verən hadisələrin SİRRİ

 02:00 17.09.2024     730

Əsrlər öncə astronomlar səmanı müşahidə etmək üçün sadə teleskopdan istifadə edirdilər. O dövrdə insanlar göy cisimlərinin hərəkətini izləsələr də, onların quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə bilmirdilər.

Redaktor.az xəbər verir ki, müasir dövrdə alimlər kainatı tədqiq etmək üçün rəsədxanalarda müxtəlif cihazlar vasitəsilə göy cisimləri üzərində müşahidələr aparırlar. Hazırda göy cisimlərini müşahidə etmək üçün daha da təkmilləşdirilmiş müxtəlif teleskoplardan istifadə olunur. Şamaxı Astrofizika Rəsədxanası

Rəsədxanalarda səmada baş verən dəyişiklikləri qeydə alan şüşə lövhələrin köməyi ilə ulduzların yerinin və parlaqlığının dəyişməsini, həmçinin kainatda baş verən hadisələri müşahidə etmək, onların səbəbini öyrənmək mümkündür.

Günəş sistemində baş verən hadisələrə Yerin Günəş, Ayın Yer ətrafında hərəkətini, Günəş və Ay tutulmalarını, Günəşdə baş verən partlayışları, asteroidləıin hərəkətini və s. misal göstərmək olar.

Yer kürəsi, digər planetlər və Günəş sisteminin kiçik cisimləri Günəş ətrafında fırlanır. Günəş sistemindən kənarda da ulduzların olduğunu heç düşünmüsünüzmü?

Kainat materiyadan və şüalanmadan ibarətdir. Kainatda materiya bərabər tərzdə müntəzəm paylanmışdır. Kainatın mühüm xassələrindən biri onun genişlənməsi və dəyişməsidir.

O, daim hərəkətdədir. Ayın Yer, Yerin Günəş, Günəşin də qalaktikanın mərkəzi ətrafında fırlanmasının səbəbi göy cisimləri arasında olan cazibədir. Günəş sistemi və son dərəcə müxtəlif işıqlığa malik milyardlarla ulduzlar sistemi bizim qalaktikadır. Bütün ulduzlar qalaktikada cazibə qüvvəsi nəticəsində bir-biri ilə əlaqədə olmaqla qalaktikanın mərkəzi ətrafında fırlanır. Təkcə Yer və onun əhatəsindəki cisimlər deyil, kütləsi olan bütün cisimlər bir-birini cəzb edir.

GÜNƏŞ VƏ AY TUTULMALARI NECƏ BAŞ VERİR?

Günəş tutulması Günəşin Yerdən tam və ya qismən görünməməsidir. Bu zaman Günəş, Yer və Ay bir sıraya düzülür. Ay Günəşlə Yerin arasında yerləşir. Bu ən çoxu 7, əksər hallarda isə 1-2 dəqiqə davam edir.

Ay tutulması Günəş, Yer və Ayın bir düz xətt boyunca düzüldüyü zaman baş verir. Lakin bu zaman Yer Ayla Günəş arasında yerləşir. Ay Yerin kölgəsində olarkən Günəşdən aldığı parlaqlığı itirir və bir növ görünmür. Ay bütövlükdə Yerin kölgəsində yerləşdiyi vaxt tam tutulma fazası başlayır və bu, adətən, 1,5 saat davam edir.

Hər iki hadisə işığın düz xətt boyunca yayılması qanununa əsaslanır. Bu qanuna əsasən, bircins mühitdə* işıq düz xətt boyunca yayılır. Göründüyü kimi, kainatda bütün hadisələr eyni qanunlar əsasında baş verir və bütün qanunlar istənilən sahə üçün istənilən istiqamətdə dəyişməzdir.

Astronomlar diametri 300 m olan asteroidi Yer üçün təhlükəli hesab edirdilər. Onların ilk qənaətinə görə, Yer kürəsi ilə toqquşma zamanı asteroid böyük bir şəhərin üzərinə düşərsə, onu dağıda bilər. Lakin sonradan belə qərara gəlirlər ki, təhlükə gözlənilmir.

//kayzen.az