Plastik qabdakı yeməyi mikrodalğalı sobada qızdırmaq ziyandır? - Ekspert açıqladı

 17:05 23.09.2024     776

Günümüzdə mikrodalğalı sobalar insanların həm vaxtına qənaət etməyə, həm də işini yüngülləşdirməyə kömək edir. Həm evdə, həm də işdə bir çoxları yeməyi asan və sürətli qızdırmaqdan ötrü mikrodalğalı sobadan istifadə edir. Lakin əksər hallarda bu sobalara yerləşdirilən yeməklər plastik qablarda olur. Plastik qabların qidalara zərərləri isə hamıya məlumdur. Bəs mikrodalğalı sobaların istiliyi plastik qabdakı yeməklərə necə təsir edir?

Bu barədə qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, mikrodalğalı sobalar keçmişdən bu günə qədər mətbəxlərimizdə istifadə olunub. Praktikliyi və insanların həyatına gətirdiyi rahatlıq sayəsində məşhurlaşıb:

"Mikrodalğalı sobaların sağlam olub-olmadığı ilə bağlı müzakirələr hələ də davam edir, lakin araşdırmalara baxdığımızda mikrodalğalı sobaların düzgün istifadə edildiyi təqdirdə zərərsizdir. Bunun üçün bəzi qaydaları bilmək və əməl etmək lazımdır. Mikrodalğalı sobalar üçün uyğun və uyğun olmayan mətbəx materialları var. 

 İstifadə üçün uyğundur:

 • Mikrodalğalı sobada istifadə üçün etiketlənmiş inqrediyentlər;
 • İstiliyədavamlı şüşə və keramika qablar;
 • Yağlı kağız, perqament kağızı;
 • Mikrodalğalı sobada istifadə üçün uyğun olan ağır plastik qablar.

 İstifadə üçün uyğun deyil:

 • Pendir və qatıq qablaşdırması;
 • Qəhvəyi kağız torbalar və qəzetlər;
 • Metal qablar (alüminium, polad, mis və s.);
 • Köpük süngərlə örtülmüş materiallar;
 • Metal boya ilə üzlənmiş çini qablar;
 • Metal qolları və ya tutacaqları olan materiallar;
 • Alüminium folqa ilə örtülmüş qidalar.

Mikrodalğalı sobanın az yer tutması və asanlıqla təmizlənməsi, vaxta və enerjiyə qənaət olunması, mikroorqanizmlərin və bakteriyaların məhv olması kimi üstünlükləri var:

Ekspert qeyd etdi ki, həm də mikrodalğalı sobadan istifadənin mənfi cəhətləri də var: 

"Mikrodalğalı sobada istifadə üçün uyğun olmayan materiallardan istifadə edərkən pis nəticələr yarana bilər. Qapağın tam bağlanmaması və ya zədələnməsi nəticəsində radiasiya sızmasının qarşısını almaq üçün son dərəcə diqqətli olmaq lazımdır. Mikrodalğalı sobaların katarojen təsirləri araşdırıldıqda bu şüalara uzun müddət məruz qalanlarda mənfi təsirlərin meydana gəldiyi müşahidə edilib. Müəyyən bir temperatur tətbiq olunduğundan qida dəyərinin itirilməsi və zülalların strukturunda pozulma müşahidə edilib. Ancaq bu, ənənəvi isitmə üsullarında da mövcuddur. Yüksək temperatur qida dəyərinin itirilməsinə səbəb olur".

Fərid Səfərovun sözlərinə görə, görülə biləcək ən yaxşı ehtiyat tədbirləri lazım olmadıqca plastikdən istifadə etməmək, keramika-şüşə qablardan istifadə etmək və istifadə qaydalarına diqqət yetirməkdir.

Sevinc İBRAHİMZADƏ