"Payız depressiyası"ndan necə qurtulmaq olar? - Psixoloqdan AÇIQLAMA

 15:16 01.10.2024     833

Fəsil dəyişməsi ilə əlaqədar bir çox insanların psixoloji durumunda müəyyən dəyişikliklər baş verir. Xüsusilə payız fəslində insanların çoxu melonxolik ruh halına bürünürlər. Payız fəslində özünü xəzan yarpağı kimi hiss edən insanlar, əslində, “payız sindromu”ndan əziyyət çəkirlər.

Bəs bu sindromdan necə azad olmaq olar?

Bu barədə psixoloq Vəfa Əkbər Redaktor.az-a açıqlamasında bildirdi ki, hər payız fəsli gəldikdə insanın əhval-ruhiyyəsi, emosional vəziyyəti dəyişir və bəzən biz buna anlam verə bilmirik:

"Amma bunun birbaşa həm psixoloji, həm də fizioloji açıqlaması var, çünki bədəndə hormonal dəyişiklik baş verir və bədəndəki dayanıqlıq azalmağa başlayır. Melatonin hormonu artır, yuxu verir və insan özünü məyus, qəmgin, bədbin ruh halında hiss edir.

Bir 1 nəfər şəkili ola bilər

Əfsuslar olsun ki, bu durumdan xoşlanan insanlar var və onlar depressiv olmağı, özünə qapanmağı həm bir çıxış yolu, həm də özünə zaman ayırmaq kimi görürlər. Bir müddət sonra isə bu vəziyyətdən çıxmaq istəsələr də, çətinlik çəkirlər. Beləliklə, "payız depressiyası"nın cənginə girmiş olurlar".

Psixoloq bu vəziyyətdən çıxış yolu ilə bağlı məsləhət verdi:

"Yaxşı olardı ki, bu ərəfədə insanlar aktiv həyat tərzinə yönəlsinlər. Daha çox dostlarla, sevdikləri insanlarla vaxt  keçirsinlər. Bəzən hətta özlərini məcbur edib müxtəlif hobbilərlə məşğul olsunlar. Ancaq bu halda özlərini "payız depressiyası"ndan xilas edə bilərlər".

Sevinc İBRAHİMZADƏ