Elektromobillərin əsas problemləri hansılardır? - Usta DANIŞDI
Elektriklə işləyən ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına şərait yaradır. Artıq bir sıra insanlar elektrikli avtomobillərdən istifadə edir.
Bəs bu cür şarj edilə bilən batareyalı sistemə malik avtomobillərin sahibləri ən çox hansı səbəblərdən dolayı ustaya müraciət edirlər?
Bu barədə avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, hələ ki, bu elektromobillərlə bağlı deyiləcək fikir yoxdur, çünki Azərbaycan bazarına yeni daxil olub:
"Hər kəs elektrikli avtomobillərin qiyməti ilə bağlı, neçə kilometr gedəcəyi ilə bağlı, gələcəkdə bu batareyaların qiymətinin ucuz, yoxsa baha olmağı ilə bağlı məlumatlar alır. Ancaq bu gün bunların heç bir fəsadları yoxdur".
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanda elektromobillərin ustaları azlıq təşkil edir.
"Zaman-zaman bu avtomobillər sıradan çıxdıqca ustaların sayında artım olacaq. Hələ ki, əsas seçimlər avtomobillərin qiyməti ilə və gələcəkdə batareykaların nə zaman sıradan çıxıb-çıxmaması ilə bağlıdır. Bundan başqa, ustalara daha çox bu avtomobillərin neçə kilometr gedəcəyi ilə bağlı suallar ünvanlanır", - deyə Sahil Ağabəyli bildirdi.
Sevinc İBRAHİMZADƏ