"Bu gedişat bizi gələcəkdə mutant ordusu ilə üzbəüz qoya bilər" - HƏYƏCAN TƏBİLİ

 19:56 11.10.2024     476

Üçayaqlı cücələr, ayaqları bir-birinə yapışmış buzovlar və başqa anormal heyvanlar... Heyvanların qeyri-adi vəziyyətlərdə doğulması ilə bağlı xəbərlərlə zaman-zaman sosial mediada, televiziyalarda rastlaşmışıq. Dünyanın bir çox yerində, eləcə də ölkəmizdə heyvanların mutasiyaya uğraması baş verib. Bəzi insanlar isə bunu heyvanlara vurulan peyvəndlərlə əlaqələndirirlər. 

Bəs bəzi heyvanlarda yaranan anormallıqların səbəbi nədir?

Bu barədə veterinar həkim İlkin Qəmbərli Redaktor.az-a açıqlamasında danışdı.

O bildirdi ki, mutasiya hüceyrə genetikasında normaldan fərqli olan irsiyyət dəyişiklikdir:

"Mutasiyalar mənşəcə iki cür təsnifata ayrılır: spontan və induksiya olunmuş mutasiyalar. Spontan mutasiyalar təbiətdə təbii faktorların, orqanizmin daxili, fizioloji və biokimyəvi dəyişikliklərin təsiri altında yaranır. Ona misal olaraq bəzən rastlaşdığımız ikibaşlı heyvanların doğulması və ya hər hansı əzasının sayının artıqlığı, əskikliyi, ölçüsünün normadan kiçik və ya böyük olması, quruluşunun normadan tamam fərqlənməsi kimi halları göstərmək olar. İnduksiya olunan mutasiyalar isə müxtəlif faktorların - rentgen şüaları, kimyəvi maddələrin, temperaturun və s. yan təsirləri nəticəsində eksperimental formada yaranır. Bu formada mutasion dəyişikliklər heyvanlar üzərində məhsuldarlığın və səmərəliliyin artırılmasında daha çox istifadə olunur. Buna misal olaraq inəklərdə ətlik istiqamətdə əzələ kütləsinin, süd məhsuldarlığının artırılması, uzun tüklü qoyunların yetişdirilməsi və ya ev heyvanlarında itlərin və pişiklərin daha dekorativ formaların alınmasında seleksiya işlərindən əlavə, genetik müdaxilələr olunur. Bu da həmişə istənilən nəticəni verməyə bilər. Bu istiqamətdə aparılan elmi təcrübələr sayəsində nəticəyə qədər aralıq mutant formalar peyda olmasına səbəb olur". 

Veterinarın sözlərinə görə, istər təsərrüfatlarda, istər ev heyvanlarında və təbiətdə mutant fərdlərin əmələ gəlməsində qida faktorunun, iqlim şəraitinin və ekoloji çirklənmənin rolu böyükdür:

"Daha təfərrüatlı desək, özümüzün belə bəslədiyimiz heyvanlara ən yaxşı halda yüksək keyfiyyətli, vitamin, mineral karbohidratlarla zəngin, qidalıq dəyəri və enerjiləri yüksək olan premium yemlər veririk. Bu yemlərin tərkibində öz növbəsində uzun müddət saxlanılması, qablaşdırılması üçün mütləq şəkildə konservantlar, dadlandırıcı, rəngləndirici, qoxusunun xoş olması üçün və s. kimyəvi qatqılar ehtiva edir. Qəbul olunan qidanın həzm prosesində birbaşa genə təsirini nəzərə alsaq, anomaliyaların olması qaçılmazdır.

Bununla yanaşı, heyvanların sağlamlığının qorunması məqsədilə infeksion və invazion xəstəliklərə qarşı icra olunan qurdqovucu, bit-birəyə, gənəyə qarşı profilaktik tədbirlər və ya peyvəndləmələr orqanizmə təsirsiz ötüşmür. Baş verə biləcək virus etiologiyalı xəstəliklərin də genə təsiri bu qəbildəndir".

İlkin Qəmbərli bu günün prioritet mövzusu olan ekoloji çirklənmədən də bəhs etdi:

"Bir halda ki, havanın və suyun çirklənməsinin normadan qat-qat artıq olması, üstəlik də dünyada baş verən xaos, ardıcıl müharibələr, istifadə olunan ekoloji təhlükəli silahlar bu sahədə düşünməyə və tədbir görməyə təbil çalır. Gedişatın bu forması bizi gələcəkdə mutant ordusu ilə üzbəüz qoya bilər. Bu baxımdan ölkəmizdə yaxın zamanlarda keçiriləcək COP29 beynəlxalq ekoloji təhlükəsizliyin qorunması proqramının təşkil olunması öz vacib əhəmiyyətinə görə təqdirəlayiqdir".

Sevinc İBRAHİMZADƏ