Alim çinli kişilərə Rusiyada arvad axtarmağı təklif ETDİ
Xiamen Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Dinq Çanqfa bildirib ki, Çinin üzləşdiyi ciddi demoqrafik problemlər fonunda çinli kişilər başqa ölkələrdə arvad axtarırlar.
Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) yazır.
Məqalədə deyilir ki, Çin hazırda 1970-ci illərin sonlarında Çində tətbiq edilən “bir ailə, bir uşaq” siyasəti nəticəsində yaranan gender balanssızlığı və əhalinin qocalması problemi ilə üzləşir. Bu konsepsiyaya əsasən, şəhər ailələrinə yalnız bir uşaq, kəndlərdə isə ilk uşaq qız olarsa, iki uşaq dünyaya gətirməyə icazə verilirdi. 2020-ci il siyahıyaalınmasına əsasən, Çində kişilərin sayı qadınlardan 34,9 milyon nəfər çoxdur.
Bu problemi həll etmək üçün çinli professor Dinq Çanqfa əcnəbilərlə, xüsusən də Rusiya, Kamboca , Vyetnam və Pakistandan olan qadınlarla nikahları təşviq etməyi təklif etdi .
Çinin kəndlərində təxminən 34,9 milyon "artı kişi" var ki, onlar evlilik üçün 500,000 ilə 600,000 yuan (70,000-84 min dollar) arasında mənzil, avtomobil və gəlin qiymətləri təmin etmək üçün təzyiqlə üzləşə bilər. Onun fikrincə, bu problemin həlli “xeyli sayda xaricdən uyğun gənc qadınların cəlb edilməsini tələb edə bilər”.
İyun ayında Çinin Mülki İdarəetmə Nazirliyi bildirmişdi ki, 2022-ci ildə 1,4 milyard olan ölkədə 7 milyondan bir qədər az rəsmi nikah bağlanıb ki, bu da son 37 ildə rekord aşağı göstəricidir.
Turan İSMAYIL