"Markalar insanları xəstəliyə salıblar" - Tanınmış psixoloq paltarları atmamağa ÇAĞIRDI

 12:21 21.10.2024     755

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.

Bəs insanlar geyimi daha çox ehtiyacdan alırlar, yoxsa bu, onlayn reklamlarda, yaxud tanışlarında və s. görüb psixoloji təsir altına düşürlər?

Bununla bağlı psixoloq Gülnar Orucova Redaktor.az-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar lazım olan geyimləri alırdılar.

"Hətta yadıma gəlir ki, "universal" deyilən bir yerdə geyim növbəsinə dayanırdıq ki, buradan bu gün geyim alacağıq. Ancaq indi insanlar əllərində olan son qəpiklərini də geyimə verirlər ki, mən bu paltarı filankəsin toyuna geyinmişəm, bu məclisə də geyinməyim. 

Bundan başqa, markalar insanları xəstəliyə salıblar. İnsanlar marka geyimə milyonlarla pul xərcləyirlər. Əslində, endirim deyə bir şey yoxdur. Mağazalar sadəcə olaraq lazım olmayan nəyisə müştəriyə aldırmaq məqsədilə bu vasitədən istifadə edirlər. Görürük ki, heç lazımlı şeylərə endirimlər qoyulmur. Bu da biznes strategiyalarından, marketinq psixologiyalarından biridir".

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər”

Psixoloq vurğuladı ki, insanlarda onlayn alış-verişə daha çox maraq yaranıb. Çünki bu, artıq daha ucuz başa gəlir:

"Bəzən buradakı mağazalarda həmin paltarı geyinirlər, ölçünü götürüb, xaricdən onlayn şəkildə sifariş edirlər. İstənilən halda paltara verilən çoxlu pul itkiyə gedir. Gərək insanlar özlərinə lazım olanı alsınlar. Bu gün çoxları sosial mediada şəkillər paylaşırlar, hətta bir adam yeddi gün fərqli yerlərdə şəkil paylaşmaq istəyirlər. Niyə paylaşmaq istəyirlər, bu da ayrı bir mövzudur. Çünki kimsə xoş söz desin, özünü kiməsə bəyəndirsinlər və s. Yaxud kimsə blogger, influenserdirsə, o bir paltarı alır, reklam edir, öz adı ilə endirim təklif edir və izləyiciləri buna aldanırlar. Halbuki həmin şəxs o pulu çıxardır, çünki ağıllıdır. Zərərə düşən isə onun izləyiciləri olur".

Gülnar Orucovanın sözlərinə görə, paltara çox pul vermək insanlarda son dönəmlərdə bir xəstəliyə çevrilib, davamlı paltar alırlar:

"Bəzən eyni paltarın müxtəlif rənglərini alırlar və yatırımı düzgün yerə eləmirlər. Hər zaman deyirəm, varlı insan ağıllı olduğu üçün varlıdır. Nadirən varlı insanın əynində hər gün bir paltar görmək olar. Marka geyim olsa belə, birini alıb uzun müddət istifadə edirlər. Amma digər təbəqə elə materiallardan paltarlar alır ki, dəriyə belə zərərdir. Amma əsas odur ki, əynində fərqli görünsün. Normal psixologiyaya sahib olan insan bu qədər paltara pul xərcləməz. Birinci növbədə paltara pul xərcləmədən öncə öz bədəninizi tanımalısınız. Düşünməlisiniz ki, bu geyim sizə yaraşarmı? Buradan yola çıxaraq lazımlı geyimləri almaq olar. Hətta 2 dənə köynəklə belə gözəl və fərqli kombinlər yaratmaq mümkündür".

Psixoloq qeyd etdi ki, moda heç də stabil qalmır, tez-tez dəyişir və bir zaman sonra keçmişin modaları dəbə gəlir: "Buna görə də paltarlarınızı atmamağa çalışın".

Sevinc İBRAHİMZADƏ