Rusiyada azərbaycanlıların yaşadığı bu şəhərdə insanlar 50 yaşına çatmır – SƏBƏB

 15:55 25.10.2024     762

Rusiyanın Norilsk şəhərində yaşayan həmyerlimiz F.Hüseynov dünən 45 yaşında ürəktutmasından vəfat edib.

Redaktor.az-a mərhumun yaxınlarının verdiyi məlumata görə, onu nəşi doğulduğu Cəlilabad rayonuna gətirilərək dəfn edilib.

Məsələylə bağlı saytımızaa danışan F.Hüseynovun yaxını T.Ağayev bildirib ki, Norilsk şəhərində əksər insanların erkən yaşda ürəktutmasından ölməsinə səbəb şəhərdə fəaliyyət göstərən kimyəvi zavodlardır.

“Uzun illər Norilsk şəhərində yaşayan əmim də ürəktutmasından vəfat etdi. Aldığımız məlumata görə, şəhərdə 72 kimyəvi zavod fəaliyyət göstərir və bu zavodların fəaliyyəti isə havanı dəhşətli dərəcədə çirkləndirir. Ona görə də, şəhərdə yaşayan əksər insanlar 50 yaşına çatmadan qəfil vəfat edir” – deyə o, bildirib.

Şəhər haqqında araşdırmalarımız zamanı məlum oldu ki, Norilsk qara rəngdə qarın yağdığı, orta yaşın 10 yaş daha kiçik olduğu Rusiyanın ən çirkli bölgələrindən biridir. Həkimlər həyəcan təbili çalırlar və bildirirlər ki, gələcək illərdə Norilskdə insanların səhhətində şiş, vərəm kimi xəstəliklər ortaya çıxacaq. Şəhərdə orta yaş müddəti isə 50 ildir.

VASİF ƏLİHÜSEYN