Yanıq yorğanlarından hansı hallarda istifadə olunur?

 17:41 30.10.2024     57

Dağıntılardan çıxarılanların üzərinə parlaq örtü atılır. Bu örtük tibbdə yanıq örtüyü və ya yanıq yorğanı kimi tanınır. İlk yardım materialı olan bu örtünün ölçüləri 160×210 sm-dir.

Redaktor.az-ın məlumatına görə, zəlzələ, yanğın, sel kimi təbii fəlakətlərdə xəstəni istidən, soyuqdan və rütubətdən qorumaq üçün bu tip örtük ən yaxşı variantdır.

Belə örtüklər iki rəngli olur. Məhsulun bir tərəfi sarı, digər tərəfi isə metal rəngdədir. Onun metal rəngli tərəfi bədəni sərinləşdirir. Sarı tərəfi isə əksinə, bədəni istiləşdirir. Yanıq yorğanları bədən istiliyinin 80%-nin balansını tənzimləyir. Yanıqlar zamanı toxumaların daha çox zədələnməsinin qarşısını almaq və sağalma prosesinə kömək məqsədilə istifadə edilən bu örtük həm də yanığın tez soyumasını və xəstədə ağrının sürətli və davamlı şəkildə azaldılmasını təmin edir.

Yanıq örtüyü sayəsində yanıq xəsarəti alanlara müdaxilə sağlamlıq mərkəzlərində, təcili tibbi yardım maşınlarında, polis qüvvələrində, xəstəxananın təcili yardım şöbələrində, fövqəladə hallar və xüsusilə yanğın bölmələrində tez, asan və effektiv şəkildə istifadə olunur.

Alpinistlər bu örtüyü bədən istiliyini saxlamaq və hipotermiya reaksiyalarından qorumaq üçün istifadə edirlər.
Dağıntılar altından xilas edilənlərin üzərini yorğanın metal üzü ilə örtməkdə məqsəd bədən istiliyini sabit saxlamaq və bədəndə daha çox maye itkisinin qarşısını almaqdır.

Sevinc İBRAHİMZADƏ