İnsanlar niyə platonik sevgi yaşamağa üz tutur? - Psixoloqdan AÇIQLAMA
İnsanlar çox vaxt ona qarşı sevgi bəsləyən insanları görməzdən gəlir. Onun əvəzinə təktərəfli sevməyi üstün tutur. Bu hislər qarşılıqsız qalanda imkansız sevgiyə çevrilir. Ancaq bəzən olur ki, onu əldə etdikdən sonra hislər bitməyə başlayır.
Bu, nədən qaynaqlanır, insanlar niyə çətinliyi sevirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər.
"Platonik sevgi realda həyata keçməsi çətin olan və ya imkansız olan sevgi deməkdir. İnsanın realda baş tutmayacaq, xəyallarında yaratdığı, yaşatdığı düşüncələri və bağlılığıdır. Belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər. Çünki onlara deyiləcəkləri bilirlər. Bunu qəbul etməyə qorxduqları üçün də eşitmək istəmirlər. Burada ən böyük problem odur ki, insan özü yaratdığı, sığınmağa çalışdığı, bərk-bərk tutub buraxmaq istəmədiyi hekayəsi nə qədər çox çəksə, insan psixoloji olaraq bir o qədər əziyyət çəkər".
Psixoloqun sözlərinə görə, belə hallarda peşəkar psixoloji dəstək almaq çox vacibdir.
"Yaradılışından insan başqa insanlarla bir bağ qurmaq ehtiyacı duyur. Burada isə insan fikrində, düşüncəsində ideallaşdırdığı şəxsin yanında olmaq və öz daxilində olan mükəmməl olma istəyini əslində hiss etmək istəyir və bunu platonik eşq duyduğu insanın yanında olaraq tamamlamaq istəyir. Unutmamaq lazımdır ki, zaman hər şeyə dərmandır. Əlbəttə ki, psixoloji dəstək də burada çox vacibdir. Bu, insanın həm özünü daha yaxşı tanımasına, həm də reallıqla barışmasına kömək edə bilər", - deyə Günay Kərimi bildirdi.
Türkan İSGƏNDƏRLİ