"Valideynlər kiçik yaşlardan uşaqlara sərbəstlik verməlidir" - Günay Kərimi

 18:02 19.12.2024     93

Dünyada bir çox insan özünəinamsız olduğu üçün bir çox işləri görməkdən çəkinirlər. Halbuki, onlar bu işlərin ən yaxşısı ola bilər. Bunlarla yanaşı onlar cəmiyyət içində də öz sözlərini deməyə çəkinir, haqlarını tələb edə bilmirlər. 

Bəs özgüvənsizlik nədən irəli gəlir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, özgüvən şəxsin həm şəxsi, həm də peşəkar həyatda böyük uğurlar əldə etməsi, çətinliklərin öhdəsindən gəlməsi və yüksək həyat keyfiyyətinə nail olması üçün əsas şərtdir:

"Hər bir insanda bu duyğu təbii olaraq formalaşmır. Özgüvənin təməli əsasən uşaqlıq dövründə qoyulur və valideynlərin övladlarına olan münasibəti bu prosesdə mühüm rol oynayır. Əgər uşaqlıqdan bir insana "sən bacarmarsan", "sənə inanmıram" kimi ifadələr deyilsə, həmin şəxs böyüdükdə özgüvənsizlik hissi ilə qarşılaşır. Belə insanlar özlərini daim tənqid edir, hətta uğur qazandıqları zaman belə bunu təsadüf və ya şans kimi dəyərləndirirlər. Özlərinə qarşı tərəddüdlü yanaşır, kifayət qədər dəyərli olmadıqlarını düşünür və nəticədə sevilmədiklərini hiss edirlər".

Psixoloqun sözlərinə görə, özgüvənli olmaq üçün ilk növbədə insan özünü tanımalı və nə istədiyini doğru şəkildə ifadə edə bilməlidir:

"Bu prosesdə valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Valideynlər kiçik yaşlardan uşaqların maraqlarını dəstəkləməli, onları diqqətə almalı, sərbəstlik verməli, seçim hüququ tanımalı və sevgi ilə yanaşmalıdırlar. Bununla yanaşı, uşağa onun edə biləcəyi işlər tapşırılmalıdır. Bu işləri uğurla yerinə yetirən uşaq "bacardım" hissini yaşayaraq özgüvən qazanır. Uşaqlara qarşı müsbət ifadələr işlətmək də çox vacibdir. Məsələn, "sən bacararsan", "mən sənə inanıram" kimi ifadələr uşağın özünəinamını artırır və onun sağlam özgüvənli şəxsiyyət kimi formalaşmasına kömək edir.”

Günay Kərimi vurğuladı ki, özgüvən yalnız fərdi inkişaf deyil, həm də cəmiyyətin inkişafı üçün əsasdır:

"Sağlam özgüvənə sahib olan insanlar daha uğurlu, daha müsbət və cəmiyyətə faydalı fərdlərə çevrilirlər".

Türkan İSGƏNDƏRLİ