Niyə özümüzə inanmaqda çətinlik çəkirik? - Psixoloqdan AÇIQLAMA
Həyatda qarşımıza qoyduğumuz məqsədlərə çatmaqda ən böyük maneələrdən biri özümüzə olan güvənsizlikdir. Bu problem sadəcə gündəlik işlərimizə deyil, insanlarla münasibətlərimizə, peşə həyatımıza və şəxsi inkişafımıza da ciddi təsir edir.
Bəs özgüvənsizliyin kökləri haradan qaynaqlanır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, özgüvən bir insanın özünə olan inancı, güvəni və həyatdakı çətinliklərin öhdəsindən gəlmək bacarığıdır. Lakin bu inamın olmaması insanı geridə saxlayan, hətta nailiyyətlərdən məhrum edən əsas səbəblərdən biridir.
"Özgüvənsizliyin əsas səbəbləri uşaqlıq dövrünə gedib çıxır. İnsan uşaqlıqda ailədə, məktəbdə və ya bağçada yaşadığı təcrübələr nəticəsində özünə olan münasibətini formalaşdırır. Əgər bu dövrdə mənfi təcrübələr, tənqidlər və dəstəyin çatışmazlığı yaşanıbsa, gələcəkdə özünəinam problemi yaranır. Əgər bir insan özündə özgüvənsizlik hiss edirsə, bunun səbəblərini araşdırmalı, öz keçmişinə nəzər salmalıdır. Bu vəziyyət nədən qaynaqlanır? Niyə həyatına bu qədər təsir edir? Hansı imkanların və uğurların qarşısını alır? Bütün bunları dərk etmək çox vacibdir.
Özgüvənsizlik müxtəlif formalarda özünü göstərə bilər. Bəziləri böyük kütlələr qarşısında çıxış etməkdən qorxur, digərləri kamera önündə olmağı sevmir. Bəzi insanlar isə hətta sadə gündəlik işləri belə yerinə yetirməkdən çəkinir" - deyən psixoloqun sözlərinə görə, bu cür problemlər insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır:
"Özgüvənsizlik insanın həyatından çox şey alır – potensial nailiyyətləri, sağlam münasibətləri və hətta şəxsi xoşbəxtliyi".
N.Mirzəyevanın tövsiyəsinə əsasən, özgüvənsizliklə mübarizə aparmaq üçün insan ilk növbədə öz vəziyyətini qəbul etməli və onun üzərində işləməyə qərar verməlidir:
"Bu prosesdə insan özünü məcbur etməli və aktiv şəkildə irəliləməlidir. Beyinlə mübarizə aparmaq lazımdır. İnsan çətinliklərə qarşı gəldikcə və onlara qalib gəldikcə özünü daha güclü hiss edir. Beyin çətinlikləri aşmağa başladıqca yeni və müsbət təcrübələr toplamağa başlayır ki, bu da özgüvənin bərpasına yardım edir. Biz bundan xilas olmaq üçün dönüb özümüzə baxmalıyıq. Niyə mən bu özgüvənsizlik yaşayıram, mən nə edə bilərəm? Bu zaman mütəxəssisə müraciət edə bilərik. Nevropotoloq, psixiatrlara müraciət edə bilərik. İdman, hobbi və ya digər fəaliyyətlər insanın ruh halını yaxşılaşdırır və özünə inamını artırır.
Nəticə olaraq, özgüvən insan həyatının ayrılmaz bir hissəsidir və bu keyfiyyəti artırmaq həm şəxsi, həm də peşəkar sahədə böyük uğurlara gətirib çıxara bilər. Özgüvənsizlikdən qurtulmaq üçün özümüzə qarşı səmimi olmaq, dəstək axtarmaq və aktiv şəkildə irəliləmək əsas şərtlərdəndir".
Türkan İSGƏNDƏRLİ