12 üzüm dənəsi, şam, dəfnə yarpağı... - Rituallar həqiqətən arzuları gerçəkləşdirir?

 17:28 25.12.2024     142

Son illərdə sosial şəbəkələrdə yeni il gecəsi tətbiq olunan müxtəlif rituallar geniş yayılmağa başlayıb. Bunlardan biri də "12 üzüm dənəsi yeyərək arzu tutmaq" ənənəsidir. Bu inanclara görə, hər üzüm dənəsi yeni ilin hər bir ayında baş verəcək yaxşı hadisələri simvollaşdırır.

Bəs bu inanclar doğrudanmı istəkləri həyata keçirir və buna oxşar başqa nələr var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan şüuraltı terapevt, psixoloq Aygün Əliyeva bildirdi ki, ritualların məqsədi, insanların arzularını ifadə etmələri, ümumiyyətlə, gələcəyə müsbət gözlərlə baxmalarıdır:

"Bu adət xüsusilə ispan mədəniyyətinə aiddir. İspaniyada yeni ilin ilk dəqiqələrində saat 12-ni vurduqda hər zəngə bir üzüm yeyilir. Bu, ilin 12 ayının uğurlu keçəcəyinə və arzuların gerçəkləşməsinə inanılır. İnancın mədəniyyətlərdə və ənənələrdə əksini tapması təbiidir. Məsələn, Azərbaycan mədəniyyətində Novruz bayramı zamanı da 12 ilə bağlı bir çox ənənə mövcuddur. Novruzda qoğal və paxlava kimi şirniyyatlar hazırlanarkən, bu məhsulların üzərində 12 kündə və qat olur. Bu rəqəm də ilin 12 ayını təmsil edir və yeni ilin müsbət keçəcəyinə inam yaradır. Bütün bu ritualların məqsədi, insanların arzularını ifadə etmələri, ümumiyyətlə, gələcəyə müsbət gözlərlə baxmalarıdır. Bütün bu ritualların həyatımıza təsirini elm, əsasən psixoloji və davranışsal bir perspektivdən izah edir. Yəni, müəyyən inanclar və ritualar həyatımızı birbaşa dəyişdirmir, lakin onlar psixoloji vəziyyətimizi yaxşılaşdırır və motivasiyanı artırır. 12 üzüm dənəsi kimi ənənələr insanları yeni ilə daha optimist başlamağa kömək edir. İnsanlar bu ritualları edərək özlərinə bir məqsəd qoyur və buna çatmaq üçün daha çox çalışırlar.

Psixoloji baxımdan, bu rituallar bir növ "pozitiv düşüncə" aləti kimi işləyir. İnsanlar öz həyatlarında nələrsə dəyişdirmək istəyərkən, beyinləri bu inanc və niyyətlərlə işləməyə başlayır. Yeni ilə daha müsbət bir başlanğıc etmək, insanın daxili gücünü artırmağa və onu gələcəyə hazırlamağa kömək edir. Məsələn, yeni il üçün müəyyən hədəflər qoyan bir şəxs bu ritualları həyata keçirərək daha çox çalışa bilər və nəticədə məqsədlərinə daha asan çatmaq üçün beynində müsbət bir dəyişiklik yaradır. Həqiqətən də, rituallar insanları pozitiv düşünməyə və motivasiya yaratmağa sövq edir. Şüuraltı olaraq insanlar həyatlarında bol mövcudluq, sağlamlıq və uğur istəkləri ilə bu ritualları həyata keçirirlər. Bu da onlara daha çox işləmək və öz məqsədlərinə doğru irəliləmək üçün bir təkan verir. Məsələn, Yeni ildə 10 kitab oxumağı hədəfləyən bir şəxs, 12 üzüm dənəsi yeyərək bu hədəfi daha ciddiyə ala bilər. Beynin yeni bir düşüncə sisteminə keçməsi, həyatın hər sahəsində pozitiv dəyişikliklərə səbəb ola bilər".

Psixoloqun sözlərinə görə, elmi baxımdan bu ritualların heç birinin birbaşa olaraq həyatımızı dəyişdirdiyini sübut edən bir fakt yoxdur.

"Lakin insan beynindəki şüuraltı inanc və motivasiya sistemi rituallar vasitəsilə dəyişə bilər. Əgər insanlar bu ritualları içdən inanaraq, həvəsli şəkildə edirlərsə, bu, onlara daha çox enerji və motivasiya verə bilər. İnsanların həyatlarına müsbət təsir etmək üçün inancları və niyyətləri güclü emosional enerji ilə birləşdirmələri vacibdir. Nəticə olaraq, müxtəlif mədəniyyətlərdən gələn ritualların həyatımıza təsiri, onların bizə verdiyi motivasiya və ruh yüksəkliyindən ibarətdir. Bu rituallar insanlara daha müsbət bir perspektiv təqdim edir, onları hədəflərinə çatmaq üçün daha çox çalışmağa təşviq edir. Lakin hər şey insanın daxili düşüncələrinə bağlıdır. Nə qədər ki, insanın düşüncə və inanc sistemi öz arzularına uyğun olsa, o zaman həmin arzuların həyata keçməsi ehtimalı artır. Ancaq unutmaq olmaz ki, heç bir ritual birbaşa həyatımızı dəyişdirmir; insanın öz daxili gücü və hərəkətləri hər şeydən önəmlidir", - deyə Aygün Əliyeva qeyd etdi.

Türkan İSGƏNDƏRLİ