İş müsahibəsində bədən dilindən necə istifadə edək? - Mütəxəssis AÇIQLADI

 19:49 31.12.2024     874

İnsanın bütün həyatı boyunca bədəni dilindən daha öncə danışır və bəzən dilin söyləyə bilmədiklərini məhz bədən dilindən anlamaq mümkün olur. Bu vasitə gündəlik həyatımızda böyük rol oynadığı kimi, iş müsahibələri zamanı da əhəmiyyət kəsb edir.

Bəs iş müsahibəsinə gedən biri bədən dilini necə idarə etməlidir?

Bu barədə neyrolinqvistik proqramlaşdırma (NLP) üzrə mütəxəssis, psixoloq Babək Bayramov Redaktor.az-a açıqlamasında söylədi ki, bədən dilində güvənli və güclü bir təsir bağışlamaq vacib şərtdir:

“Bədən dili şüuraltının dilidir, içəridə nə baş verirsə, bədən onu biruzə verir. Güvənsizlik varsa, qeyri-səmimilik varsa, bədən onu gizlətmir. Burada simpatik görünüş, səliqəli geyim də rol oynayır. Ən maraqlı və diqqət olunan məqam isə bədənin enerjisidir. Sıxılaraq, tərləyərək və zəif səs tonu ilə deyil, özgüvənli şəkildə danışmaq vacibdir. Siz “keçmiş iş yerinizdən niyə ayrıldınız?” sualına tərəddütlə yanaşmaq yerinə, “qarşıma qoyduğum hədəflərimə doğru daha sürətlə irəliləmək üçün oradan ayrıldım” desəniz və bunu deyərkən səs tonunuzda qətiyyət hiss olunarsa, bu sizin lehinizədir. Lakin diqqət yetirmək lazımdır ki, güclü və qətiyyətli səs tonu aqressiv kimi eşidilməsin, burada balansı qorumaq və xarizma vermək çox vacibdir. Çünki xarizma güclə gözəlliyin birləşməsidir".

O bildirdi ki, iş müsahibələrində özünəyönəlik və şirkətəyönəlik danışıq diqqətə alınası məqamdır:

“Özünəyönəlik danışanda bitirdiyiniz müəssisəni, kursları və s. bacarıqlarınızı anladırsınız. Bu şirkətdə öz gələcəyinizi necə gördüyünüzdən, öz potensial və motivasiyanızı həmin iş yerinə həsr edəcəyinizdən danışmaqda isə böyük bir fayda var. Eyni zamanda gedəcəyiniz yerə uyğun geyinmək yaddaşda yaxşı qalmağa kömək edir. Səs tonunu qarşıdakı şəxsin səs tonuna, jestləri ona uyğun şəkildə istifadə etmək məharət tələb edən davranışdır. İş görüşmələrində hiss edilən qorxu-həyəcan mütləq dəf edilməlidir".

Sevinc İBRAHİMZADƏ