Kirayə avtomobillə qəza törədilərsə, zərəri kim ödəməlidir? - AÇIQLAMA
Son vaxtlar adi və şad günlərdə kirayə avtomobil götürənlərin sayı artıb. Onun qiyməti günlük, həftəlik və ya aylıq olaraq dəyişir.
Bəs həmən maşın qəzaya düşərsə, zərəri kim ödəməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, burada məsələ həm icbari, həm də könüllü sığorta növləri çərçivəsində tənzimlənir:
"İcbari avtomobil sığortası qanunvericiliyin tələb etdiyi əsas şərtlərdən biridir. Avtomobili idarə edən şəxs qaydaları pozmadığı və bütün sənədləri qaydasında olduğu təqdirdə, icbari sığorta təminatı adi prosedurlar əsasında tətbiq olunur. Qəza zamanı, avtomobili idarə edən şəxsin sənədləri qaydasında olduğu zaman adi bildiyimiz poses davam edir.
Kasko sığortası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Təcrübə göstərir ki, sığorta şirkətləri adətən kommersiya məqsədilə istifadə olunan və ya kirayə verilən avtomobillərə könüllü sığorta təminatı verməkdən çəkinirlər. Bu, avtomobilin kirayə və ya taksi xidməti üçün istifadəsi zamanı risklərin daha yüksək olması ilə əlaqədardır".
Ekspertin sözlərinə görə, kirayə avtomobillərin sığortalanması və zərərlərin ödənilməsi məsələsi müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır.
"Kasko sığortasına dair müqavilələrdə tez-tez qeyd edilir ki, avtomobil kommersiya məqsədilə (məsələn, taksi xidməti) istifadə olunarsa və bu, qəza zamanı aşkar edilərsə, sığorta təminatı qüvvədə olmur. Həmçinin bəzi hallarda müqavilədə avtomobilin tam dəyəri məbləğində azadolma məbləği (franşiza) göstərilir ki, bu da zərərin sığortaçı tərəfindən qarşılanmayacağı anlamına gəlir. Həmçinin, kirayə avtomobillər tez-tez fərqli şəxslər tərəfindən idarə olunduğu üçün qəza və zədələnmə riskləri daha yüksəkdir. Sığorta şirkətləri bu cür avtomobillərdə daha çox zədələnmə və qəza halları ilə qarşılaşır. Bu, əsasən sürücülərin təcrübəsizliyi və avtomobilin qeyri-sabit istifadəsi ilə bağlıdır. Buna görə də kirayə avtomobillərin sığortalanmasında ciddi məhdudiyyətlər tətbiq olunur.
Nəticə olaraq, kirayə avtomobillərin sığortalanması və zərərlərin ödənilməsi məsələsi müqavilə şərtlərindən, sığorta növündən və avtomobilin istifadəsindən asılıdır. Bu səbəbdən avtomobili kirayəyə verilməzdən əvvəl müvafiq sığorta şərtləri diqqətlə araşdırılmalıdır", - deyə Nicat Əlibəyli bildirdi.
Türkan İSGƏNDƏRLİ