Yatmazdan əvvəl övladınızı danışdırın

 03:11 16.02.2025     853

Uşaqlar adətən gecə qorxularını və ya nədən qorxduğunu valideynlərinə danışmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova uşaqların qorxuları haqda danışarkən deyib.

Psixoloq bildirib ki, uşaqlar danışmaq istəyəndə bəzən valideynlər buna reaksiya vermir:

“Valideynləri də anlamaq mümkündür. Çünki yorğun olurlar, xüsusilə də xanımların günün sonunda enerjiləri tükənir və istəyirlər ki, övladları yeməklərini yeyib, sussunlar və yatsınlar. Amma övladlarımızı susdurmaqla onlara nə qədər zərər verdiyimizin fərqində olmuruq.

Diqqət etsək, görərik ki, uşaqlar arasında exolaliya xəstəlikləri daha çox müşahidə olunur. Dediklərimizin eynisini təkrar edirlər. Çünki analiz qabiliyyətləri olduqca aşağıdır. Uşaqlar gün boyu telefonla məşğul olurlar. Bu da birtərəfli ünsiyyətdir və uşağı inkişaf etməyə qoymur. Buna görə də uşaqların danışmağına kömək etmək lazımdır.

Uşaq gecə danışır, suallar verir, həmin vaxt uşaqla söhbət etmək lazımdır. Çünki bu zaman uşaqların beyni inkişaf etməyə başlayır. Normalda uşaqlar ən çox “niyə” sualını verir. Əgər “niyə” sualını çox verirlərsə, bu, müsbət haldır. Valideynlər o sualları cavablandırdıqca, uşaqların narahatlığı və qorxuları üzə çıxır. Hətta söhbət zamanı uşaqların gecə yuxudan qəfil ayılma səbəbini, yaxud da onu gün ərzində nəyin daha çox narahat etdiyini də öyrənmiş oluruq”.