Fırlanan qara dəliklər enerji mənbəyinə çevrilə bilər - ARAŞDIRMA

 19:15 11.03.2025     96

Pedaqoji Elmlər Universitetinin professoru Xorxe Pinoçet kəşf edib ki, qara dəliklərin fırlanması gələcək texnologiyalarda istifadə oluna biləcək böyük miqdarda kinetik enerji yaradır.

Redaktor.az xəbər verir ki, tədqiqat "arXiv" portalında dərc olunub. 

Hələ 1969-cu ildə ser Rocer Penrose qara dəliklərin fırlanma enerjisindən istifadənin mümkünlüyü haqqında nəzəriyyə irəli sürmüşdü. Pinoçet bu ideyanın necə həyata keçirilə biləcəyini təhlil edib. Onun tapıntılarına görə, qara dəliklərin fırlanması erqosferdə, hadisə üfüqündən kənarda olan bölgədə məkan-zaman üzərində “sürük” effektinə səbəb olur. Bu fenomen Lens-Tirring effekti kimi tanınır və bəzi qara dəliklərin qütblərində müşahidə olunan güclü şüalanmanı izah edir.

Pinoçet qeyd edir ki, qara dəliyin yaxınlığındakı hissəciklər işığa yaxın sürətlə - təxminən 300 min km/s sürətlə hərəkət edə bilir. Bu hərəkət, cisim hadisə üfüqünü keçməyincə istifadə edilə bilən böyük kinetik enerji yaradır və ondan kənarda enerji əlçatmaz olur.

Penrose mexanizmi həddindən artıq dəqiqliyə və yüksək sürətə ehtiyac olduğu üçün praktikada tətbiq etmək çətin olardı. Bununla belə, alim hesab edir ki, daha perspektivli üsul qara dəliklərin ətrafında böyük sürətlə fırlanan akkresiya disklərindən istifadədir. Akkresiya disklərindən enerjinin çıxarılması prosesi 1977-ci ildə fiziklər Roger Blandford və Roman Znajek tərəfindən təsvir edilmişdir.

Pinoçetin sözlərinə görə, mürəkkəbliyə və texnoloji məhdudiyyətlərə baxmayaraq, uzaq gələcəkdə bəşəriyyət enerji problemlərini həll etmək üçün fırlanan qara dəliklərin enerjisindən istifadə etməyi öyrənə bilər. Qara dəliklərdən enerji çıxarmaq qabiliyyəti, 1960-cı ildə Nikolay Kardaşev tərəfindən təklif edilən sivilizasiyanın inkişaf səviyyələrinin təsnifatı olan Kardaşev şkalası üzrə bir sivilizasiyanı II və ya III səviyyəyə qaldıra bilər. 

Turan İSMAYIL