Peyvənd olunsa da, quduzluğa yoluxdu

Hindistandan olan altı yaşlı qız peyvənd olunsa da, it dişlədikdən sonra quduzluğa yoluxub.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of India" yazıb.
Hadisə qızın evinin yaxınlığındakı mağazaya getdiyi və it tərəfindən bərk dişlənməsi zamanı baş verib. Heyvan uşağın başına, ayaqlarına və çiyninə dərin yaralar vurub. Yaralı təcili olaraq Thirurangady Xəstəxanasına çatdırılıb və daha sonra Kozhikode Tibb Kolleci Xəstəxanasına köçürülüb və ona intradermal quduzluq peyvəndi və immunoqlobulin terapiyası verilib.
Müalicədən sonra qurbanın vəziyyəti yaxşılaşıb: xəsarətlər sağalıb və o, normal həyata qayıtmağa başlayıb. Lakin bu yaxınlarda qızın hərarəti yenidən qalxıb və yenidən xəstəxanaya yerləşdirilib.
Tibbi müayinələr quduzluq virusuna yoluxduğunu təsdiqləyib. Həkimlər dişləmələr baş və boyun nahiyəsində olduğundan virusun peyvəndin təsirini göstərməmişdən əvvəl mərkəzi sinir sisteminə daxil ola biləcəyini bildiriblər.
Məktəbli qızın vəziyyəti hazırda ağırdır - o, gözlərini açıq saxlaya bilmir və yeməkdən imtina edir.
Turan İSMAYIL