25 qağayını vuran şəxs həbs EDİLDİ

ABŞ-də 25 qağayını qəsdən vuran şəxs həbsxanaya göndərilib.
Redaktor.az bu barədə "Daily Mail"ə istinadla xəbər verir
Məlumata görə, 64 yaşlı Ceyms Şepard Travis Vaşinqton ştatındakı Klipsan çimərliyində icarəyə götürdüyü yolsuzluq avtomobilini idarə edərkən qəsdən 25 dəniz qağayısını vurub. Şahidlərin sözlərinə görə, sürücü avtomobili qəsdən havaya qalxmağa vaxt tapmayan quş sürüsünə sürüb.
"Bu, sadəcə olaraq, dəhşətli idi. O, heç bir emosiya olmadan "bağışlayın" deyə mırıldanırdı. Deyəsən, sərxoş idi" - şahidlərdən biri deyib.
Hadisədən sonra Travis Sakit Okean dairəsi polisi tərəfindən həbs edilib və birinci dərəcəli heyvanlara qarşı amansızlıq və ehtiyatsız sürücülük ittihamı ilə məhkəməyə verilib. Onu 5 ilə qədər həbs və 10 min dollar cərimə gözləyirdi. Məhkəmədən sonra hakim Donald Rixter amerikalıya 30 gün həbs, 160 saat ictimai iş və 750 dollar cərimə kəsib. Ceymsə ömürlük ev heyvanlarına sahib olmaq da qadağan edilib.
Heyvan haqları müdafiəçiləri bildiriblər ki, Klipsan çimərliyi quşlar, o cümlədən "Qırmızı Kitab"a düşən növlər üçün mühüm yuva yeri olduğundan bu cür hərəkətlər təkcə mənəvi deyil, həm də ətraf mühitə ziyan vurur.
Turan İSMAYIL