Windows 11 köhnə versiyanı geridə qoydu

Windows 10-un istifadəçi payı 48,92%-ə düşüb, Windows 11 isə artıq 47,73%-lik göstərici ilə ona çatıb.
Redaktor.az bu barədə "4PDA"ya istinadən məlumat verir.
Araşdırmaya görə, iki versiya arasındakı fərq cəmi 1 faizdən az təşkil edir — bu isə Windows 11 istifadəyə veriləndən bəri ən minimal fərqdir.
Analitiklər bu tendensiyanı Windows 10-un rəsmi dəstəyinin bu ilin oktyabrında başa çatacaq olması ilə əlaqələndirirlər. İstifadəçilər artıq hərəkətə keçiblər: bəziləri yeni kompüterlər alır, digərləri isə mövcud cihazlarını təkmilləşdirir və ya uyğun olmayan avadanlıqlarda belə Windows 11-ə keçid edirlər.
Müqayisə üçün qeyd edək ki, ötən il bu vaxtlar Windows 10 bazarın 66%-nə sahib idi, Windows 11 isə cəmi 30%-ə yaxın göstəriciyə malik idi. Son 12 ayda hər iki sistem arasında fərq əhəmiyyətli dərəcədə azalıb. Bu da Microsoft-un keçid prosesini təşviq etmək üçün apardığı sistemli işin nəticəsidir.
İstifadəçiləri dəstəkləmək məqsədilə Microsoft məlumatların cihazlar arasında problemsiz ötürülməsi üçün yeni miqrasiya aləti təqdim edəcəyini elan edib. Şirkətin fikrincə, bu vasitə keçidi asanlaşdıracaq və yenilənmə ilə bağlı əngəlləri minimuma endirəcək.
Xədicə BAXIŞLI