Şüşə butulkaların gözlənilməz təhlükəsi AŞKARLANDI

Fransa Qida Təhlükəsizliyi Agentliyi (ANSES) müəyyən edib ki, şüşə butulkalara tökülən su, soda, pivə və şərabın tərkibində plastik butulkalar və ya qutulardakı eyni içkilərdən 5-50 dəfə çox mikroplastik var.
Redaktor.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
ANSES-in araşdırma direktoru G.Duflot bildirib ki, alimlər Fransada satılan məşhur içkiləri araşdırıblar. Onların məqsədi qablaşdırma növünün mikroplastiklərin səviyyəsinə necə təsir etdiyini öyrənmək idi. Məlum olub ki, orta hesabla şüşə butulkadan bir litr içkinin tərkibində 100-ə yaxın mikroplastik hissəcik var.
Tədqiqat aparan aspirant İselin Çaib “biz bunun əksini gözləyirdik” deyib. Onun sözlərinə görə, məlum olub ki, mikroplastik hissəciklər şüşə butulka qapaqlarının kənarındakı boyanın forması, rəngi və tərkibinə uyğun gəlir. Çox güman ki, saxlama zamanı qapaqlar bir-birinə toxunur və sürtülür, mikrohissəciklərin sərbəst buraxıldığı görünməz cızıqlar yaradır.
Eyni zamanda, içməli suda mikroplastiklərin səviyyəsi bütün növ qablarda nisbətən aşağı olub - şüşə butulkalarda litrdə 4,5 hissəcikdən plastik qablarda 1,6 hissəyə qədər. Şərab, hətta şüşədə də minimal dəyərlər göstərib. Bu xüsusiyyətin səbəbləri hələ aydın deyil.
Soda və pivə kimi içkilər üçün səviyyə daha yüksək olub: litrdə 30-dan 60-a qədər hissəciklər. Buna baxmayaraq, ANSES-in məlumatına görə, bu cür dəyərlərin insan sağlamlığı üçün təhlükə törətdiyini söyləmək hələ mümkün deyil - mikroplastiklər üçün toksiklik həddi müəyyən edilməyib.
Buna baxmayaraq, agentlik istehsalçılara qapaqlar üçün təmizləmə üsullarını təkmilləşdirməyi təklif edir: hava ilə üfürmək, ardınca su və spirtlə yaxalamaq çirklənməni 60% azalda bilər.
Turan İSMAYIL