Alimlər plastik tullantını dərmana çevirdi

Edinburq Universitetinin alimləri plastik tullantıların dərman preparatlarına çevrilməsini təmin edən inqilabi texnologiya hazırlayıblar. Tədqiqatçılar genetik modifikasiya olunmuş bağırsaq çöpləri (E. coli) vasitəsilə plastik butulka komponentlərini parasetamolun əsas tərkib hissəsi olan tereftal turşusuna çevirməyə nail olublar.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Nature Chemistry" elmi jurnalında dərc edilib.
Mütəxəssislər bu məqsədlə pivə hazırlanmasında istifadə olunan fermentasiya prosesinə bənzər üsuldan istifadə ediblər. Bu proses otaq temperaturunda baş verir və demək olar ki, karbon emissiyasına səbəb olmur. Bu isə onu dərman istehsalının müasir üsullarına nisbətən daha ekoloji cəhətdən üstün edir.
Təcrübələr zamanı genetik olaraq proqramlaşdırılmış E. coli bakteriyası ilə tereftal turşusunun reaksiyası nəticəsində əldə olunan məhsulun təxminən 90%-i parasetamol olub.
Yeni texnologiya əsasən butulka və qablaşdırmada istifadə edilən plastik növü olan polietilentereftalatın (PET) emalına yönəlib. Hər il dünyada 350 milyon tondan çox PET tullantısı yaranır və onların əksəriyyəti poliqonlara və ya okeanlara atılır.
Alimlər texnologiyanın sənaye miqyasında tətbiqi üçün üzərində işlərini davam etdirirlər.
Xədicə BAXIŞLI