Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz

 03:47 25.06.2025     124

Makiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və baxım üsulları çox önəmlidir. Xüsusilə yay aylarında istilik və nəmlik səbəbindən makiyajın qalıcı olması daha da çətinləşir.

Redaktor.az xəbər verir ki, mütəxəssislər makiyajın üzdə uzunmüddətli qalması üçün bir sıra vacib məqamları tövsiyə edirlər.

Dəriyə düzgün qulluq edin

Makiyajdan öncə dəriyə qulluq əsas şərtdir. Üzünüzü yaxşı təmizləyin, dərinizin tərkibinə uyğun nəmləndirici istifadə edin. Təmiz və nəmləndirilmiş dəri makiyajın daha yaxşı oturmasına və uzunmüddətli qalmasına kömək edir.

Primer (baz) istifadə edin

Makiyaj öncəsi istifadə olunan primer məhsulu ton və tonal krem üçün baza rolunu oynayır. Bu, makiyajın dəriyə bərabər yayılmasını və daha uzun müddət qalmasını təmin edir. Yağlı dəriyə sahibsinizsə, matlaşdırıcı primer seçməyiniz tövsiyə olunur.

Tonal kremi az miqdarda və düzgün yaymaq

Qalın qatlı tonal kremlər gün ərzində dağılaraq makiyajın təbii görünməsinə mane olur. Az miqdarda, fırça və ya süngər vasitəsilə bərabər paylanmış tonal krem həm yüngül, həm də davamlı effekt verir.

Pudradan istifadə edin

Makiyajın qalıcı olması üçün xüsusilə T zonasına (alın, burun, çənə) yüngül şəkildə pudra çəkmək tövsiyə olunur. Bu, həm dərinin yağlanmasının qarşısını alır, həm də makiyajın axmasına mane olur.

Suya davamlı məhsullara üstünlük verin

Göz qələmi, tuş və ya dodaq boyası kimi məhsulları seçərkən suya davamlı olanlardan istifadə edin. Bu, həm istidə, həm də nəmli şəraitdə makiyajın daha dayanıqlı olmasını təmin edir.

Makiyaj sabitləyici spreylərdən istifadə edin

Makiyajın son mərhələsində sabitləyici spreylər istifadə etmək, görünüşünüzü saatlarla qorumağa kömək edir. Sprey dəridə makiyaj qatını fiksasiya edərək pozulmasının qarşısını alır.

Makiyajı toxunmadan istifadə edinMakiyaj etdikdən sonra üzü tez-tez əllə toxunmaq makiyajın dağılmasına səbəb ola bilər. Buna görə də gün ərzində üzdən əlləri uzaq tutmaq məsləhətdir(milli.az).