Saç tökülməsinin çıxış yolları nələrdir?

Dırnaqların və saçın keyfiyyəti bədənin daxili mühitinin göstəricisidir.
Redaktor.az xəbər verir ki, bu barədə qidalanma mütəxəssisi Nadejda Litvinova Lenta.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, saç tökülməsi, saç və dırnaqların quruması, solğunluğu və kövrəkliyi kimi problemlər bədəndəki müəyyən orqan və sistemlərin funksional pozğunluqları ilə bağlı ola bilər. Bu hallar əsasən zülal, dəmir və D vitamini çatışmazlığı, həmçinin qalxanabənzər vəzinin funksiyasının azalması hipotiroidizm fonunda baş verir.
Mütəxəssis hesab edir ki, bu cür pozğunluqların yalnız dərmanla müalicəsi deyil, həm də düzgün qidalanma vacibdir.
Litvinova ilk növbədə rasiona daha çox zülal tərkibli qidaların əlavə olunmasını tövsiyə edib. Bunlara yumurta, ağ balıq, mərcimək, noxud və lobya kimi bitki mənşəli zülallarla zəngin paxlalılar daxildir.
Eyni zamanda, o, pəhrizin ət və onun sakatatları ilə zənginləşdirilməsini də vacib sayır. Dietoloq xüsusilə mal əti, dana əti və qaraciyəri dəmirin əsas mənbələri kimi qeyd edib.
Aytəkin TOFİQQIZI