Süddə antibiotikin aşkarlanması üçün yeni üsul tapıldı

 10:19 30.06.2025     131

Tomski Dövlət Universitetinin (TDU) alimləri süd serumunda geniş istifadə olunan sulfaqranuidin antibiotikini müəyyən etmək üçün yeni üsul hazırlayıblar. Onlar bu maddənin özünəməxsus işıq saçma xüsusiyyətlərini aşkar edərək, onun spektral və flüoressensiya metodları ilə aşkarlanmasını mümkün ediblər.

Redaktor.az bu barədə  "gazeta.ru"ya istinadən məlumat verir.

Sulfaqranuidin  xüsusilə mal-qara arasında yoluxucu xəstəliklərin müalicəsində geniş istifadə olunan antimikrob preparatdır. Təəssüf ki, bəzi hallarda fermerlər bu antibiotikdən normadan artıq istifadə edirlər ki, bu da onun süd məhsullarında qalmasına səbəb ola bilər. Lakin südün tərkibində bu antibiotiki müəyyən etmək çətin məsələdir, çünki südün tərkibindəki müxtəlif komponentlər analizə mane olur.

Tədqiqat qrupu bu antibiotikin öz flüoressensiya qabiliyyətindən istifadə edərək, onu yüksək dəqiqliklə müəyyən edən yeni metod işləyib hazırlayıb. TDU-nun Fizika Fakültəsinin Optika və Spektroskopiya kafedrasının professoru, Lazer Fizikası və Fotonika Mərkəzinin rəhbəri Olqa Çaykovskayanın sözlərinə görə, mövcud test üsulları, o cümlədən test-zolaqlar və biosensorlar, bəzən yanlış pozitiv nəticələr verir. Yeni metod isə yüksək həssaslıq və dəqiqlik təmin edir. Flüoressensiya və optik spektroskopiya metodları həmçinin real vaxtda, nümunəni məhv etmədən analiz aparmağa imkan verir və bahalı avadanlıq və reagentlər tələb etmir.

Tədqiqat zamanı üç məşhur süd markasından südlərin serumları üzərində analiz aparılıb. Südlərə əvvəlcədən məlum miqdarda sulfaqranuidin əlavə edilib və sonra bu maddənin serumdakı konsentrasiyası ölçülüb. Analizlər spektrofotometr və spektroflüorimetr cihazları, həmçinin bromkrezol bənövşəyi və metilen göyü adlı kimyəvi zondlar vasitəsilə aparılıb. Bu zondlar siqnalın gücləndirilməsinə və metodun həssaslığının artırılmasına kömək edib.

Ən effektiv nəticə isə bromkrezol bənövşəyi zondun istifadəsi ilə əldə olunub — bu üsul serumda antibiotikin çox aşağı miqdarını belə müəyyən etməyə imkan verir.

Gələcəkdə alimlər bu texnologiya əsasında portativ cihaz hazırlamağı planlaşdırırlar. Belə cihaz südün istehsalı və emalı məntəqələrində yerindəcə sulfaqranuidin miqdarını tez və dəqiq müəyyən etməyə imkan verəcək.

Xədicə BAXIŞLI