Alimlər beyin vasitəsilə arıqlamağın yolunu tapdılar

FGF19 zülalının birbaşa beyinə yeridilməsi yağ yandırma proseslərini işə salır və maddələr mübadiləsini yaxşılaşdırır.
Redaktor.az xəbər verir ki, bu, Endocrinology and Metabolism (EndoMeta) jurnalında dərc olunmuş bir araşdırmada sübut olunub.
FGF19 - insan və digər heyvanlarda maddələr mübadiləsinin tənzimlənməsi, toxumaların bərpası və hüceyrələrin insulina həssaslığının qorunmasında iştirak edən birləşdirici toxuma hüceyrələrinin – fibroblastların böyümə faktorudur. Yeni araşdırmada alimlər FGF19-un termogenezi – yəni bədən istiliyinin qəhvəyi və bej yağ toxuması vasitəsilə yaranmasını stimullaşdırmaq qabiliyyətinə fokuslanıblar.
Eksperiment zamanı FGF19 artıq çəkili laboratoriya siçanlarının hipotalamusuna yeridilib. Nəticədə heyvanlarda qlükoza və insulin səviyyələri normallaşıb, çəki artımı ləngiyib və enerji sərfiyyatına səbəb olan qəhvəyi və bej yağ toxumasının aktivliyi yüksəlib.
Bu tip yağ toxumasının əsas funksiyası soyuq və qida çatışmazlığı şəraitində enerjini istilik şəklində yaymaqdır. Qəhvəyi və bej yağ əsasən yeni doğulmuş uşaqlarda çox miqdarda olur, lakin yaş artdıqca miqdarı azalır.
Araşdırma göstərib ki, arıqlama prosesində əsas rolu simpatik sinir sistemi oynayır: bu sistemin fəaliyyəti zəiflədikdə FGF19-un təsiri də yox olur. Simpatik sinir sistemi (SNS) – orqanizmin stresə və ya yüksək enerji tələbatı olan vəziyyətlərə cavab olaraq ehtiyatlarını səfərbər edən vegetativ sinir sisteminin bir hissəsidir.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf, arıqlama dərmanları və sərt pəhrizlərə ehtiyac olmadan artıq çəki və maddələr mübadiləsi pozğunluqlarının müalicəsi üçün yeni yanaşmaların əsasını qoya bilər.
Xədicə BAXIŞLI