"Apple" Siri üçün süni intellektlə əməkdaşlıq edəcək

Apple, öz süni intellekt (Sİ) həllərini daha sürətli inkişaf etdirmək üçün Siri-yə üçüncü tərəf dil modeli inteqrasiya etməyi planlaşdırır.
Redaktor.az "Bloomberg"ə istinadən məlumat verir ki, şirkət bu məqsədlə OpenAI və Anthropic ilə mümkün tərəfdaşlıq barədə danışıqlar aparır və onların modellərindən birini istifadə etməyi nəzərdən keçirir.
Hazırda tərəflər Apple-ın Private Cloud Compute adlı server infrastrukturu üzərində texniki inteqrasiyanı və bu modellərin qapalı sistemdə necə işlədiyini test edirlər. Lakin Apple hələ ki, tam şəkildə üçüncü tərəf İİ texnologiyalarına keçid qərarı verməyib.
Mənbələrin bildirdiyinə görə, Apple üçün ən uyğun namizəd Anthropic şirkətinin Claude modeli olub və tərəflər artıq ilkin maliyyə şərtlərini müzakirə edirlər. Bununla belə, söhbət illik milyardlarla dollarlıq ödənişlərdən gedir və bu məbləğlərin zamanla artacağı gözlənilir. Bu səbəbdən Apple OpenAI ilə daha sıx əməkdaşlıq imkanlarını da qiymətləndirir.
Apple, Siri üçün öz dil modelini aktiv şəkildə inkişaf etdirsə də, Sİ funksiyalarını tətbiq etməkdə çətinliklərlə üzləşir. WWDC 2024 çərçivəsində elan edilən yeniliklər üzərindən bir il keçməsinə baxmayaraq, hələ də reallaşmayıb. Mart ayında Apple, “Apple Intelligence” funksiyasının buraxılışını rəsmi şəkildə 2026-cı ilə təxirə saldığını açıqlayıb ki, bu da istifadəçilər və səhmdarların narazılığına səbəb olub.
Yeni Sİ funksiyalarının iOS 26 versiyasında təqdim olunacağı gözlənilir, lakin Siri-nin tam funksional süni intellekt versiyası yalnız iOS 27 ilə — 2026-cı ilin payızında istifadəyə veriləcək. Anthropic və ya OpenAI ilə mümkün tərəfdaşlıq, Apple-a öz modelini tamamlayana qədər vaxt qazanmağa və rəqabət qabiliyyətini qorumağa kömək edə bilər. Artıq iOS 18 versiyasında Siri, istifadəçi sorğularını daha ətraflı cavablar üçün ChatGPT-yə yönləndirmə imkanı ilə təchiz olunub.
Xədicə BAXIŞLI