Qarpız düşündüyümüz kimi şəkərli deyil

 10:33 01.07.2025     116

Yay aylarının vazkeçilməzi olan sərin və dadlı qarpızın sağlamlığa faydaları ilə bağlı aparılan araşdırmalar bu məşhur meyvənin əslində nə qədər dəyərli olduğunu göstərir. Mütəxəssislərə görə, isti günlərdə qarpız bədənimiz üçün misilsiz bir dəstək rolunu oynayır.

Redaktor.az "Hürriyet"ə istinadən xarici mütəxəssislərin fikirlərini təqdim edir.

Adına uyğun şəkildə, qarpızın tərkibi 91%-dən çox sudan ibarətdir. Təxminən 280 qramlıq orta ölçülü bir dilim qarpız yediyiniz zaman, demək olar ki, bir stəkan su içmiş olursunuz. Wayne State Universitetindən idman təbabəti üzrə mütəxəssis Dr. Tamara Hew-Butler bildirir: “Bədənimiz su molekullarını, haradan gəldiyindən asılı olmayaraq, tanıyır və istifadə edir. Meyvələr, tərəvəzlər və şorbalar kimi nəmli qidalar da su mənbəyi sayılır”.

Qarpızın yüksək su tərkibi qan dövranını dəstəkləməkdən tutmuş, bağırsaqların normal işləməsinə qədər bir çox bədən funksiyalarının düzgün işləməsinə kömək edir. Xüsusilə isti havalarda tərləmə yolu ilə daha çox maye itirdiyimiz zaman, qarpızın qəbulu orqanizmdə maye balansını qorumaq üçün əlavə fayda verir.

Alabama Universitetindən diyetoloq və qidalanma üzrə professor Amy Ellis qeyd edir ki, yaşlı insanlar susuzluq hissini daha az yaşadıqları üçün su qəbuluna da az diqqət yetirirlər. Onun fikrincə, onlar üçün maye tələbatını meyvələrdən qarşılamaq həm daha rahat, həm də daha ləzzətli ola bilər.

Tərkibinin böyük hissəsi sudan ibarət olduğu üçün qarpız eyni zamanda az kalorili meyvədir. Bir stəkan (təxminən 150 qram) doğranmış qarpız cəmi 46 kalori ehtiva edir. Dr. Ellis qeyd edir: “Bəzi insanlar qarpızın dadı çox şirin olduğu üçün onun şəkərinin çox olduğunu düşünür, amma əslində bu miqdar olduqca orta səviyyədədir.” Bir stəkan doğranmış qarpız təxminən 9.5 qram şəkər ehtiva edir, halbuki eyni miqdarda doğranmış alma 13 qram, yaban mersini isə təxminən 15 qram şəkər ehtiva edir.

Minnesota Universitetindən diyetoloq və qida elmi üzrə professor Joanne Slavin isə bu miqdarın qanda şəkərin sürətli yüksəlməsinə səbəb olmayacaq qədər az olduğunu vurğulayır.

Mount Sinai Xəstəxanasından diyetoloq Samantha Dieras isə bildirir ki, qarpız təkbaşına bədənə kifayət qədər enerji verməsə də, balanslı bir pəhrizin tərkib hissəsi kimi qəbul edildikdə, yüksək su tərkibi və şirin dadı ilə toxluq hissi yarada bilər.

Xədicə BAXIŞLI