Kofe matça ilə əvəz edilə bilər

 12:37 01.07.2025     118

Əgər sizdə kofedən sonra narahatlıq, əsəbilik, yuxu problemləri və ya ürək döyüntülərinin sürətlənməsi kimi şikayətlər varsa, qəhvəni matça ilə əvəz etməyə cəhd edə bilərsiniz.

Redaktor.az bu barədə gazeta.ru-ya dietoloq və endokrinoloq Yuliya Atamanova məlumat verib.

Matça - ən keyfiyyətli yaşıl çayın toz halında üyüdülmüş formasıdır. O, Yaponiyada VII əsrdən bəri ənənəvi çay mərasimlərində istifadə olunur. Bu çay xüsusi olaraq kölgədə yetişdirilən çay kollarından hazırlanır. Bu səbəbdən tərkibində xlorofil çox olur və çay parlaq yaşıl rəngə sahib olur. Matça güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.

“Matçada kofein miqdarı yaşıl çaya nisbətən daha çoxdur, amma qəhvədən azdır. 250 ml matçada 38–89 mq kofein var. Eyni həcmdə qəhvədə bu rəqəm 100–120 mq, yaşıl çayda isə 23–49 mq təşkil edir. Lakin əgər kofedən sonra narahatlıq və digər yuxarıda sadalanan şikayətləriniz varsa, matçaya keçid faydalı ola bilər. Matçada kofein və L-teanin birlikdə olduğuna görə, həm zehnin aydınlığını və diqqətini artırır, həm də sakitləşdirici təsir göstərir”, – deyə həkim bildirib.

Əgər kofe sizə mənfi təsir etmirsə, onu matça ilə əvəz etməyə ehtiyac yoxdur, deyə o əlavə edib.

“Matçanın qəhvədən daha faydalı olduğunu sübut edən tədqiqatlar yoxdur. Hər iki içki özlüyündə faydalıdır. Ona görə də qərarı şəxsi hisslərinizə əsaslanaraq verin”, – dietoloq yekunlaşdırıb.

Xədicə BAXIŞLI