Bəzi insanların qəhvə içdikdən sonra niyə yuxusu gəlir?

 08:28 09.07.2025     95

Narkoloq Daniil Petrov bəzi insanların bir fincan qəhvədən sonra enerjili əhval yox, əksinə, yuxululuq və rahatlıq hiss etməsinin səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, narkoloq gazeta.ru-ya müsahibəsində bu halın orqanizmin kofeinə uyğunlaşması ilə əlaqəli olduğunu bildirib.

Petrovun sözlərinə görə, kofein dərmanlar kimi, ilk istifadə zamanı güclü təsir göstərsə də, davamlı istifadədə təsiri zəifləyir. Bu, bədənin həmin maddəyə öyrəşməsi və reaksiyasının dəyişməsi ilə bağlıdır.

“Kofein beyindəki adenozin reseptorlarını bloklayaraq yorğunluq hissini azaldır. Lakin orqanizm bu təsirə uyğunlaşır və beynimiz kofeinin təsir edə bilməyəcəyi yeni adenozin reseptorları yaratmağa başlayır,” - deyə narkoloq bildirib.

Nəticədə insan əvvəlki kimi qəhvə içsə də, artıq canlanma əvəzinə yorğunluq və yuxululuq hiss edə bilər.

Petrov bu səbəbdən çoxlu miqdarda qəhvə qəbul etməyi tövsiyə etmir.

Aytəkin TOFİQQIZI