"İnstaqram" və "WhatsApp" istifadəçilərlə yazışmağa başlayacaq

 09:32 10.07.2025     68

Meta istifadəçilərlə daha dərin əlaqə qurmaq məqsədilə süni intellekt əsaslı çatbotunun yeni funksiyasını test etməyə başlayıb.

Redaktor.az "Business Insider"ə istinadla xəbər verir ki, Meta AI istifadəçidən heç bir mesaj gəlmədən ilk mesajı göndərərək əvvəlki mövzular əsasında söhbəti yenidən başlayır.

Yeni funksiya Messenger, Instagram və WhatsApp kimi platformalarda sınaqdan keçirilir. Test mərhələsində istifadə olunan çatbot nümunəsi — “Film Sehrbazı” (The Maestro of Movie Magic), istifadəçiyə “Bu axşam üçün film tövsiyəsi istəyirsiniz?” kimi suallarla mesaj göndərir. Bu mesajlar, istifadəçinin daha əvvəl çatbotla apardığı yazışmalara əsaslanır.

Sistemin hazırlanması Alignerr adlı məlumat etiketləmə şirkətinin təlimatları əsasında həyata keçirilir. Meta və Alignerr birlikdə, fərdiləşdirilə bilən süni intellekt botlarının inkişafı və onların gələcəkdə istifadəçilərlə proaktiv şəkildə ünsiyyət qurması üzərində işləyirlər.

TechCrunch-a danışan Meta sözçüsü, bu funksiyanın istifadəçilərlə "özbaşına" əlaqə yaratmaq üçün test edildiyini və məqsədin istifadəçi aktivliyini artırmaq olduğunu təsdiqləyib.

Yeni qaydalara görə, Meta AI yalnız son 14 gün ərzində istifadəçi ilə ən az bir dəfə söhbət aparıbsa və bu söhbət 5 və ya daha çox mesajdan ibarətdirsə, ona mesaj göndərə bilər. İstifadəçi çatbotdan gələn ilk izləmə mesajına cavab verməzsə, bot təkrar yazışma təşəbbüsü göstərməyəcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən