Balqabaq tumu yuxu keyfiyyətini yaxşılaşdırır

Qida mütəxəssisi Olesya Maxova bildirib ki, pəhrizə bəzi bitki mənşəli qidaların əlavə edilməsi yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssis lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, balqabaq tumları yuxunu normallaşdırmaqda təsirli rol oynayır. Bu məhsul maqnezium və sinklə zəngindir, bu da yuxu dövrlərini tənzimləyən melatoninin istehsalına kömək edir. Ağ düyü də maraqlı təsirə malikdir o, insanın yuxuya getmə prosesini asanlaşdırır. Lakin bu məhsulların normada istehlakı vacibdir.
Mütəxəssis qeyd edib ki, bu qidalar sırasında albalı xüsusi yer tutur. Albalı melatoninin təbii mənbəyidir. Yatmazdan bir saat əvvəl bir stəkan albalı suyu və ya bir ovuc təzə giləmeyvə qəbul etmək daha tez yuxuya getməyə və istirahətin keyfiyyətini artırmağa kömək edir.
İspanaq da yuxu üçün faydalı sayılır. O, maqneziumla zəngin olduğu üçün əzələləri təbii şəkildə rahatlaşdırır və əsəb gərginliyini azaldır. Gecə tez-tez oyanan şəxslərə isə rasionlarına melatoninlə zəngin, eyni zamanda beyin funksiyalarını dəstəkləyən sağlam yağlarla dolu olan qoz əlavə etmək tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, bu kimi təbii məhsulların müntəzəm istifadəsi yuxu rejimini normallaşdırmağa və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Aytəkin TOFİQQIZI