Sarımsağın sağlamlığa möcüzəvi təsiri: Araşdırma

Son illərdə aparılan bir sıra elmi araşdırmalar sarımsağın təkcə mətbəxdə deyil, sağlamlıq sahəsində də əvəzsiz bir "təbiət möcüzəsi" olduğunu bir daha təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Harvard, Oksford və Tokio universitetlərinin də qatıldığı beynəlxalq tədqiqatlara görə, sarımsaq bir çox xəstəliklərin qarşısını almaqda və immun sistemini gücləndirməkdə mühüm rol oynayır.
London Imperial Kollecində aparılan bir tədqiqatda sübut edilib ki, sarımsağın tərkibindəki allicin maddəsi damarları genişləndirərək qan təzyiqini tənzimləməyə kömək edir. Gündə cəmi 1 diş çiy sarımsaq yemək, yüksək təzyiqə qarşı təbii bir profilaktik vasitə ola bilər.
İmmunitet sistemini gücləndirir- ABŞ-ın Mayo Klinikası tərəfindən dəstəklənən araşdırmada sarımsağın antiviral və antibakterial xüsusiyyətləri ön plana çıxıb. Sarımsaq orqanizmdə infeksiyalara qarşı "təbii antibiotik" rolunu oynayır. Xüsusilə soyuqdəymə və qrip mövsümündə istifadəsi immun sisteminin müqavimətini artırır.
Xərçəngə qarşı qoruyucu təsiri- Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə əsasən, sarımsağın müntəzəm istifadəsi mədə, yoğun bağırsaq və prostat xərçəngi riskini azalda bilər. Çin və Fransada aparılmış geniş miqyaslı klinik tədqiqatlar bu təsirin sarımsağın antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə əlaqəli olduğunu göstərib.
Qan şəkərini tənzimləyir- Diabetlə bağlı tədqiqatlarda da sarımsağın faydası önə çıxır. Əlcəzairdə keçirilmiş bir klinik sınaqda şəkərli diabet xəstələrinin gündəlik rasionuna sarımsaq əlavə edilməsi nəticəsində qan şəkərinin daha sabit qaldığı müşahidə olunub. Bu, xüsusilə tip 2 diabet xəstələri üçün əhəmiyyətlidir.
Yaddaşı gücləndirir və beyinə faydalıdır Sarımsağın tərkibindəki kükürd tərkibli birləşmələr beyin hüceyrələrini oksidativ stresdən qoruyaraq, Alzheimer və demensiya kimi nevroloji xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Yaponiya Milli Səhiyyə İnstitutunun məlumatına görə, sarımsaq beyin fəaliyyətini stimullaşdırır və qocalıq dövründə zehni çevikliyi artırır.
Mütəxəssislər sarımsağın çiy və təbii formada xüsusilə, yeməklərə qatılaraq və ya səhər acqarına 1 diş şəklində istifadə edilməsini tövsiyə edirlər. Lakin qan durulducu dərmanlardan istifadə edən şəxslər, hamilə qadınlar və mədə problemi olanlar sarımsağı ehtiyatla və həkim məsləhəti ilə istifadə etməlidirlər.
Nuriyyə NATİQQIZI