"Ferrari"sini sataraq itlərə sığınacaq TİKDİ

 16:45 16.07.2025     90

Yaponiyalı kişi "Ferrari"sini sataraq aqressiv itlər üçün sığınacaq tikib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Şizuoka prefekturasında yaşayan Xirotaka Saito adlı kişi öz şəxsi Ferrari markalı avtomobilini sataraq itlər üçün xüsusi reabilitasiya mərkəzi inşa edib. 

Bir vaxtlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan Saito, təxminən 12 il əvvəl ciddi maliyyə böhranı ilə üzləşib. Həmin dövrdə o, həyatına son qoymaq qərarına gəlib. Lakin onun iti sanki sahibinin niyyətini hiss edərək evin qapısını bağlayaraq getməsinə imkan verməyib. Bu anın təsiri ilə Saito fikrindən daşınıb və həyatını yenidən qurmaq qərarına gəlib.

“Başa düşdüm ki, məni bir it xilas etdi. Elə isə mən də ömrümün sonuna qədər itləri xilas etməliyəm”, – deyə o bildirib.

Saito həmin hadisədən sonra aqressiv və problemli itlərin reabilitasiyası ilə məşğul olmağa qərar verib. Onun Yaizu şəhərində açdığı sığınacaq, xüsusilə dişləyən, hürən, insanlara qarşı aqressiv davranışlar göstərən və əksər sahiblərin tərk etdiyi itlərə yönəlib. Bu itlərin çoxu vaxtilə şiddətə məruz qalıb, ya da stresli mühitdə yaşayıb və nəticədə insanlara qarşı etimadlarını itiriblər.

Ferrari-ni satmaqla əldə etdiyi vəsaitlə Saito geniş və açıq sahəsi olan bir sığınacaq inşa edib. Onun məqsədi heyvanları zəncirdə yox, azad və hörmətli şəraitdə saxlamaqdır.

Bu işin asan olmadığını deyən Saito bildirir ki, bəzi hallarda üçqat əlcək geyinməli olur və dəfələrlə itlər tərəfindən dişlənib. Buna baxmayaraq, o dayanmaq niyyətində deyil:

"İtlərə göstərmək istəyirəm ki, onlar sevgi və qayğıya layiqdirlər".

Hazırda onun sığınacağında 40 it və 8 pişik yaşayır. O, 2028-ci ilə qədər bu sayın 300-ə çatdırılmasını və dövlət dəstəyinin artırılmasını arzulayır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən