Evdə öyrədilən itlər Parkinson xəstəliyini 98% dəqiqliklə müəyyən edib

 17:56 22.07.2025     71

İngiltərədə aparılan yeni bir araşdırma, xüsusi təlim keçmiş itlərin Parkinson xəstəliyini qoxu vasitəsilə 98 faizə qədər dəqiqliklə müəyyən edə bildiyini ortaya qoyub. Ən diqqətçəkən məqam isə bu diaqnostikanın xəstəlik simptomları meydana çıxmadan illər əvvəl mümkün olmasıdır.

Redaktor.az xəbər verir ki, Bristol və Mançester universitetləri ilə “Medical Detection Dogs” xeyriyyə fondunun birgə apardığı tədqiqatda, Parkinson xəstələri və sağlam şəxslərdən götürülən dəri yağı (sebum) nümunələri təhlil olunub. Araşdırmanın nəticələri Journal of Parkinson’s Disease elmi jurnalında dərc edilib.

İki təlim keçmiş it – “Bumper” adlı qızıl retriver və “Peanut” adlı labrador – xüsusi olaraq Parkinson xəstələrinə aid dəridən alınan yağ nümunələrini tanımaq üçün öyrədilib. Təcrübələrdə “kor metod”dan istifadə edilib – yəni, nə itlər, nə də tədqiqatçılar nümunələrin kimə aid olduğunu bilməyib.

Buna baxmayaraq, itlər- 80% həssaslıqla (pozitiv nümunələri düzgün ayırma), 98% spesifikliklə (yanlış pozitivləri ayırmama) nəticə göstəriblər.

Bu isə onların yüksək dəqiqliklə Parkinson xəstələrini digərlərindən ayırd edə bildiyini sübut edir.

“Medical Detection Dogs” təşkilatının rəhbəri Kler Qest bildirib ki, bu günə qədər Parkinson xəstəliyini erkən mərhələdə aşkarlaya biləcək heç bir test mövcud deyil:“Bəzən simptomlar diaqnozdan 15-20 il əvvəl başlayır. İtlərin bu qabiliyyəti erkən diaqnoz üçün əhəmiyyətli fürsətlər açır.”

Bristol Universitetindən Dr. Nikola Runi bu nəticələrin Parkinson xəstəliyinin özünəməxsus qoxu profilinə malik olduğunu göstərdiyini deyib. Onun sözlərinə görə, gələcəkdə bu kəşf əsasında invaziv olmayan, sürətli və sərfəli test üsulları inkişaf etdirilə bilər.

Mançester Universitetinin professoru Perdita Barran isə bildirib: “Sadəcə dəri səthindən götürülən nümunələrlə bu xəstəliyi müəyyən etmək mümkündürsə, bu, erkən diaqnostikada inqilabi addımdır”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən