İqlim dəyişikliyi uşaq zehni inkişafını ləngidə bilər - ARAŞDIRMA

 17:14 25.07.2025     122

Oksford Universitetinin alimləri tərəfindən aparılan yeni beynəlxalq araşdırma göstərib ki, ekstremal hava şəraiti və yüksələn temperatur dərəcələri uşaqların zehni inkişafına mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, “Lancet Planetary Health” elmi jurnalında dərc olunan araşdırmaya əsasən, xüsusilə aşağı və orta gəlirli ölkələrdə böyüyən uşaqlar bu riskə daha çox məruz qalır.

Alimlərin fikrincə, yüksək temperatur beyin fəaliyyətini zəiflədir, diqqət dağınıqlığını artırır və xüsusilə məktəb yaşlı uşaqlarda öyrənmə qabiliyyətini azaldır. Tədqiqatçılar təxminən 20 ölkədə 15 mindən çox uşaq üzərində apardıqları testlərin nəticələrinə əsasən, iqlim dəyişikliklərinin təkcə fiziki sağlamlığa deyil, zehni inkişaf göstəricilərinə də birbaşa təsir etdiyini müəyyən ediblər.

Tədqiqat rəhbəri, professor Lora Mitchell qeyd edib:“Havanın normadan yüksək olması uşaq beynində stres hormonlarını artırır. Davamlı istilər və ya tez-tez baş verən təbii fəlakətlər uşaqlarda psixoloji travma və koqnitiv gecikmələrə yol aça bilər”.

Bundan əlavə, araşdırma göstərib ki, havanın keyfiyyətsizliyi və isti iqlim həmçinin sinif otaqlarında konsentrasiyanı aşağı salır. Araşdırmanın müəllifləri bu nəticələrin gələcək nəsillərin təhsili və ümumi inkişafı üçün ciddi xəbərdarlıq siqnalı olduğunu bildirirlər.

Mütəxəssislər hökumətləri məktəblərdə havalandırma sistemlərini təkmilləşdirməyə, müəllimləri bu mövzuda maarifləndirməyə və xüsusilə risk altındakı regionlarda uşaqlara psixoloji dəstək proqramları yaratmağa çağırırlar.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən