Qırılmış ürək insanı həqiqətən öldürə bilər - ARAŞDIRMA

 09:26 28.07.2025     76

Yeni aparılmış bir araşdırma göstərib ki, sevdiklərini itirərək uzun müddət yas tutan insanların ölüm riski demək olar ki, iki dəfə artır. Mütəxəssislər bildirir ki, bu dövrdə ürək-damar xəstəlikləri və psixoloji problemlər əsas rol oynayır.

Redaktor.az xəbər verir ki, danimarkalı alimlərin araşdırmasına görə, yaxınını itirib yüksək səviyyədə yas əlamətləri göstərən şəxslər bu əlamətləri zəif yaşayanlara nisbətən 88 faiz daha yüksək ölüm riski daşıyır.

Tədqiqat zamanı məlum olub ki, yaxınlarını itirən və bu itki ilə başa çıxa bilməyən şəxslər daha çox tibbi yardıma ehtiyac duyur və psixi sağlamlıq problemlərinə daha açıq olurlar.

Tədqiqat qrupunun üzvü Dr. Mette Kjærgaard Nielsen bildirib:

“Yüksək yas simptomları ürək xəstəlikləri, intihar və psixi sağlamlıq problemləri ilə əlaqəlidir. Lakin bu simptomların ölüm riski üzərindəki təsiri daha dərindən araşdırılmalıdır”.

Dr. Nielsen əlavə edib ki, risk altında olan şəxslər ailə həkimləri tərəfindən vaxtında müəyyən edilə bilər və bu insanlar psixoloji dəstək və nəzarət xidmətlərinə yönləndirilə bilər.

Araşdırma çərçivəsində 2012-ci ildən bəri yaxınlarını itirmiş, orta yaşı 62 olan 1735 nəfər 10 il boyunca izlənilib. Onlara mütəmadi olaraq sorğular göndərilib və yas əlamətlərinin səviyyəsi qiymətləndirilib.

Qrupun 66 faizi həyat yoldaşını, 27 faizi valideynini, 7 faizi isə çox sevdiyi başqa bir şəxsi itirib. Davamlı yüksək yas yaşayan 6 faizlik hissənin ölüm riski, aşağı yas yaşayanlara nisbətən 88 faiz daha yüksək çıxıb.

Araşdırma göstərib ki, yüksək yas simptomları göstərən şəxslərin itkidən sonra üçüncü ildən etibarən sağlamlıq xidmətlərindən istifadə etmə halları kəskin şəkildə artır.

Belə ki: Psixoloji terapiya və ruhi sağlamlıq xidmətlərindən istifadə 186% artıb, antidepressant istifadəsi 463% artıb, anksiyete (narahatlıq) əleyhinə dərman resepti alma halları isə 160% yüksəlib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən