Yayda ev heyvanlarının qidaları necə saxlanılmalıdır?

Rusiyanın Ərzaqların Keyfiyyətinin və Qablaşdırılmasının Mühafizəsi üzrə Hüquq və Sağlamlıq Fondunun direktoru Qriqori Balaqurov yay aylarında ev heyvanları üçün nəzərdə tutulan qidaların saxlanması qaydalarına ciddi riayət olunmasının vacibliyinə diqqət çəkib.
Redaktor.az xəbər verir ki, o, müsahibəsində düzgün saxlanılmayan heyvan yemlərinin sağlamlıq üçün təhlükəli məhsula çevrilə biləcəyini bildirib.
Onun sözlərinə görə, hətta ən yüksək keyfiyyətli yemlər də əgər düzgün şəraitdə saxlanılmırsa, öz qida xüsusiyyətlərini itirə və ev heyvanlarında mədə-bağırsaq pozuntularına ishal, qusma və digər narahatlıqlara səbəb ola bilər.
Balaqurov qeyd edib ki, isti havalarda xüsusilə quru yemlərin tərkibindəki yağlar 25-26 dərəcə temperaturda sürətlə oksidləşir. Bu isə xoşagəlməz qoxu, pis dad və qidanın keyfiyyətinin azalması ilə nəticələnir.
Mütəxəssis ev heyvanı yemlərinin sərin və quru yerdə saxlanılmasını tövsiyə edib: “Kiler, sobadan uzaq mətbəx şkafı və ya bağlı şkaf ideal seçim ola bilər. Əsas odur ki, temperatur dəyişiklikləri olmasın və birbaşa günəş işığı məhsula düşməsin”. O, həmçinin yayda eyvan və ya pəncərə silləsinin də müvafiq şəraitə cavab verərsə, alternativ ola biləcəyini vurğulayıb.
Qidaların saxlanmasında hermetik qapalı, çox qatlı polimer qablaşdırmalara üstünlük verilməsinin vacibliyini qeyd edən ekspert, yay mövsümündə topdan satılan açıq qidalardan uzaq durmağı məsləhət görüb. Onun sözlərinə görə, belə məhsullar baryer qoruyucusu olmadığından, istinin təsiri ilə qida dəyərini asanlıqla itirə bilər.
Balaqurov əlavə edib ki, qidaların saxlanması üçün şüşə və plastik qablar münasibdir. O, həmçinin həşəratlara qarşı qoruyucu tədbirlərin də görülməli olduğunu bildirib.
“Qida məhsulları həşəratları cəlb edir, bu da yalnız məhsulun xarab olması ilə yox, həm də infeksiyaların yayılması riski ilə nəticələnə bilər”.
Aytəkin TOFİQQIZI