Çiçəklər insan psixologiyasına müsbət təsir göstərir

 16:55 06.08.2025     58

ABŞ-nin Rutgers Universitetində aparılan yeni araşdırma göstərir ki, ev və iş mühitində çiçəklərin saxlanılması insanların emosional vəziyyətinə müsbət təsir edir, stressi azaldır və sosial münasibətləri gücləndirir.

Redaktor.az xəbər verir ki, Rutgers Universitetinin Psixologiya fakültəsinin professoru Cinnet Haviland-Jonsun rəhbərliyi ilə aparılan araşdırma zamanı 147 könüllü iştirakçıya müxtəlif həyat şəraitlərində çiçək hədiyyə olunub və onların emosional reaksiyaları uzunmüddətli şəkildə izlənilib.

Tədqiqatın nəticələrinə əsasən, çiçək alan şəxslərin 100%-i dərhal müsbət emosional reaksiya verib. Onların əksəriyyəti daha sakit, rahat və xoşbəxt hiss etdiklərini bildiriblər. Maraqlıdır ki, bu təsir təkcə həmin anda deyil, bir neçə gün ərzində də davam edib.

Professor Haviland-Jons bildirib: "Çiçəklər sadəcə dekorativ element deyil. Onlar insanlar arasında sosial bağların yaranmasına, empatiyanın artmasına və ümumi psixoloji rifahın yaxşılaşmasına kömək edir. Ənənəvi təbii elementlərə qayıdış insanın daxili balansına dəstək verir".

Araşdırmada iştirak edən yaşlı insanlar xüsusilə çiçəklərin yaddaş və əhval-ruhiyyəyə təsirindən faydalandıqlarını qeyd ediblər. Alimlər bununla bağlı yaşlı şəxslər üçün gündəlik həyat məkanlarında təbii çiçəklərin istifadəsini tövsiyə edirlər.

Bu araşdırma çiçəklərin yalnız estetik baxımdan deyil, həm də psixoloji cəhətdən əhəmiyyətli olduğunu sübut edir. Alimlər insanların gündəlik həyatında təbiətlə təmasın artırılmasının ruh halını yaxşılaşdırmaq üçün effektiv vasitə olduğunu bildirirlər.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən