Adlar həyatımıza təsir edirmi? - Psixoloqdan AÇIQLAMA

 18:11 07.08.2025     54

İnsanlar müəyyən yaşdan sonra adlarını dəyişirlər, öz adlarını ya bəyənmir ya da uğursuzluq gətirdiyini düşünürlər. 

Ad dəyişmək nə dərəcədə doğrudur? Həqiqətən adlar insan həyatına təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, ad dəyişdirmək arzusu bəzən insanın keçmişindən uzaqlaşmaq, yeni bir başlanğıc etmək və ya özünü daha yaxşı ifadə etmək istəyi ilə bağlı olur:

"Bəzi insanlar uşaqlıqda onlara verilən adla özlərini heç vaxt eyniləşdirmirlər, ya o ad onlara emosional yük daşıyır, ya da öz şəxsiyyətlərinə uyğun gəlmir. Psixoloji baxımdan bu, şəxsi identiklik axtarışı kimi dəyərləndirilə bilər. Adı dəyişməklə insan sanki həyatında bir dövrü bağlayır və yeni bir “Mən” formalaşdırmaq istəyir. Ad, insanın özünü necə gördüyü və cəmiyyət tərəfindən necə qəbul edildiyi ilə sıx bağlıdır. Araşdırmalar göstərir ki, insanların adlarına qarşı münasibəti onların özgüvəninə, sosial münasibətlərinə və hətta karyera seçiminə təsir göstərə bilir. Məsələn, öz adını sevməyən bir insan daxildə həmişə diskomfort yaşaya bilər. Bu isə özünüifadədə çətinliklərə gətirib çıxara bilər. Eyni zamanda, bəzi insanlar adlarını “uğursuzluq gətirən” kimi dəyərləndirirlər. Burada artıq psixoloji inanc sistemləri işə qarışır. İnsan bir adın mənfi enerji gətirdiyinə inanırsa və onu dəyişməklə özünü daha yaxşı hiss edirsə, bu dəyişiklik hətta pozitiv psixoloji təsir də göstərə bilər, plasebo effekti kimi".

Onun sözlərinə görə, əgər ad dəyişikliyi insanın özünü daha azad, güvənli və uyğun hiss etməsinə kömək edirsə, bu zaman həmin qərar müsbət nəticələr doğura bilər:

"Biz psixoloq olaraq insanın daxili tarazlığını bərpa etməyə yönəlmiş hər hansı qərarına hörmətlə yanaşırıq. Amma paralel olaraq həmin qərarın arxasında hansı motivasiyaların durduğunu da diqqətlə analiz etmək vacibdir. Bəzən bu sadəcə bir addan ibarət olmur – daha dərin, həll olunmamış psixoloji problemlərin əlaməti də ola bilər. Ad dəyişmək, bir növ insanın öz həyatını yenidən yazmaq cəhdidir. Bunu edənləri qınamaq əvəzinə, onların yaşadığı daxili prosesləri başa düşməyə çalışmaq daha sağlam yanaşmadır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən