Pişiklərdə demensiya insanlardakı xəstəliklə oxşardır

Edinburq Universitetinin alimləri pişiklərin beynində Alzheimer xəstəliyinə bənzər dəyişikliklər aşkar ediblər.
Redaktor.az xəbər verir ki, "Avropa Neyrobiologiya Jurnalı" nəşrində dərc olunan araşdırmada, pişiklərin beyin toxumasında zəhərli beta-amiloid zülalının yığılması təsdiqlənib ki, bu da insanlarda Alzheimer xəstəliyinin əsas göstəricilərindən biridir.
Tədqiqatçılar 25 müxtəlif yaşlı pişiyin ölümündən sonra beyin nümunələrini analiz edib, xüsusilə koqnitiv pozuntular olan heyvanlarda beta-amiloid yığıntılarının sinapslarda – sinir hüceyrələri arasında siqnal ötürən strukturlarda olduğunu müəyyənləşdiriblər. Bu yığılmalar yaşlı və demensiya əlamətləri göstərən pişiklərdə müşahidə olunub.
Alimlər bildirirlər ki, sinapsların itirilməsi yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Bundan başqa, beyin hüceyrələrinin bir növü olan astrositlər və mikroqlialar zədələnmiş sinapsları “təmizləyir”. Bu proses normalda beyin inkişafında vacibdir, lakin demensiya zamanı sinaps itkisinə və funksiyaların pisləşməsinə səbəb ola bilər.
Əvvəllər Alzheimer xəstəliyi daha çox genetik modifikasiya edilmiş gəmiricilər üzərində tədqiq olunurdu, lakin onların demensiyası təbii yolla inkişaf etmir. Pişiklərdə təbii şəkildə ortaya çıxan demensiyanın öyrənilməsi isə həm heyvanlarda, həm də insanlarda xəstəliyin diaqnostikası və müalicəsi üçün yeni imkanlar açır.
Nuriyyə NATİQQIZI