Paltarların sağlamlığa təsiri ilə bağlı araşdırma

 10:02 21.08.2025     54

Xarici alimlər paltarların insan sağlamlığına düşündüyümüzdən daha çox təsir göstərə biləcəyini ortaya çıxarıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ və Avropada aparılan son araşdırmalara görə, geyimlərdə istifadə olunan sintetik materiallar təkcə dəriyə deyil, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, polyester və akril kimi sintetik parçalardan hazırlanmış paltarlar tər zamanı havanı az buraxır, nəticədə dəri qıcıqlanmaları, göbələk və hətta allergik reaksiyalar yarana bilər. Bundan əlavə, belə parçalardan yuyulma zamanı mikroplastik hissəciklərin ayrıldığı və onların suya qarışaraq ekoloji problemlərə səbəb olduğu da müəyyən edilib.

Araşdırmada diqqətçəkən digər məqam təbii parçalardan hazırlanan paltarların – pambıq, kətan və yun materialların – həm dəri, həm də ətraf mühit üçün daha təhlükəsiz olmasıdır. Mütəxəssislər gündəlik geyimdə bu cür parçaların üstünlük təşkil etməsini tövsiyə edirlər.

Eyni zamanda, tədqiqatçılar dar paltarların uzun müddət geyinilməsinin qan dövranına mənfi təsir göstərə biləcəyini, xüsusən də qadınlarda reproduktiv sağlamlıqla bağlı problemlərə yol aça biləcəyini qeyd ediblər.

Araşdırma müəllifləri vurğulayıb ki, insanların geyim seçimlərində təkcə moda və rahatlıq yox, həm də sağlamlıq amili nəzərə alınmalıdır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən