Ehtiyat hissələrinin qiyməti dəfələrlə artıb - Avtomobil ustası
"Son dövrlərdə avtomobil ehtiyat hissələrinin qiymətində ciddi artım müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. Əvvəla, əksər hissələr xaricdən gətirildiyi üçün valyutanın dəyişməsi birbaşa qiymətlərə təsir edir. Dollar və avro bahalaşdıqca, ehtiyat hissələri də avtomatik olaraq bahalaşır. Digər tərəfdən, idxal olunan mallara tətbiq edilən gömrük rüsumları və vergilər də bazarda qiymətlərin qalxmasına səbəb olur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev avtomobil ehtiyat hissələrinin qiymətindən danışarkən bildirdi.
Onun sözlərinə görə, logistika xərclərinin artması da qiymətlərə təsirsiz ötüşmür:
"Daşıma nə qədər bahalaşırsa, məhsul da o qədər baha başa gəlir. Bundan başqa, orijinal və qeyri-orijinal hissələr arasında da fərq açıq şəkildə görünür. Orijinal detallar həm baha, həm də tapılması çətin olduğundan onların qiyməti daha sürətlə artır. Analoq (qeyri-orijinal) detallar isə əvvəlcə nisbətən ucuz olsa da, onların da qiymətində davamlı artım müşahidə edilir. Bazarın tələbi də qiymətləri formalaşdıran amillərdən biridir".
Müsahibimiz qeyd etdi ki, sürücülərin avtomobillərini təmir etdirmək məcburiyyəti artdıqca, hissələrə olan tələb də yüksəlir. Dediyinə görə, təmirxanalar hissələri baha qiymətə aldığı üçün bu xərclər birbaşa müştəriyə təsir edir.
"Praktiki nümunə olaraq, əvvəllər sadə bir brems kolodkasını 30-40 manata dəyişmək mümkün idisə, indi həmin detalın qiyməti 70-80 manata qədər qalxıb. Daha mürəkkəb və bahalı hissələr turbin, katalizator və ya avtomatik sürətlər qutusu detallarının qiyməti isə dəfələrlə artıb. Nəticə etibarilə, bu gün maşın saxlamaq və təmir etdirmək əvvəlkindən qat-qat baha başa gəlir", - deyə Səməd Babayev vurğuladı.
Xədicə BAXIŞLI













