Yaddaşı pozğunluğuna nə səbəb olur? - ARAŞDIRMA

 16:41 06.02.2026     448

Çox duzlu qidaların uzunmüddətli qəbulu yaddaşın zəifləməsinə və narahatlıq hallarının artmasına səbəb ola bilər. Bu qənaətə Çin alimləri gəlib.

Redaktor.az xəbər verir ki, araşdırma "European Journal of Pharmacology" jurnalında dərc olunub.

Tədqiqatda bildirilib ki, duz orqanizm üçün zəruri olsa da, onun normadan artıq qəbulu bağırsaq bakteriyalarının balansını poza, beyində iltihabi prosesləri aktivləşdirə və idrak funksiyalarına mənfi təsir göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunu 5 qramdan çox olmamağı tövsiyə etsə də, əksər insanlar bu normanı iki dəfə aşır.

Sian Tsyaotunq Universitetinin Tibbi Elmi Mərkəzinin alimləri artıq duzun “bağırsaq–beyin oxu”na təsirini araşdırıblar. Təcrübə altı aylıq erkək siçanlar üzərində aparılıb. Bir qrup adi qida ilə, digər qrup isə yüksək duz tərkibli (8% natrium xlorid) qida ilə bəslənib. Altı ay sonra çox duz qəbul edən siçanlarda arterial təzyiq yüksəlib, narahat davranışlar artıb və yaddaş zəifləyib.

Müşahidələr zamanı bu siçanların açıq məkanlardan qaçdığı və yeni obyektləri tanımaqda çətinlik çəkdiyi müəyyən edilib. Beyin analizləri isə yaddaş və öyrənməyə cavabdeh olan hipokamp nahiyəsində neyron sıxlığının azaldığını göstərib.

Alimlər həmçinin iltihabla bağlı genlərin aktivliyinin artdığını, hüceyrələrin yaşamasını təmin edən genlərin isə zəiflədiyini aşkar ediblər. Eyni zamanda bağırsaq mikrobiomunda ciddi dəyişikliklər müşahidə olunub: bəzi bakteriyaların sayı artıb, faydalı bakteriyalar isə azalıb. Bu dəyişikliklərin beyindəki iltihabi proseslərlə əlaqəli olduğu vurğulanır.

Tədqiqat müəllifləri hesab edirlər ki, duzun həddindən artıq qəbulu bağırsaq mikrobiomunu dəyişdirir və bu dəyişikliklər immun siqnallar vasitəsilə beyinə təsir edərək neyronların zədələnməsinə gətirib çıxarır.

Gələcəkdə alimlər mikrobiotanın transplantasiyası ilə bağlı təcrübələr aparmağı və duzun sinir sisteminin digər sahələrinə təsirini araşdırmağı planlaşdırırlar.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən