Beyin şişlərinin müalicəsi dərman hazırlanıb
Seçenov Universitetinin gənc alimləri beyin şişlərinin müalicəsində istifadə olunacaq yeni dərman çatdırılma sistemi hazırlayıblar.
Redaktor.az xəbər verir ki, yeni texnologiya dərmanların burun yolu ilə birbaşa beyinə çatdırılmasına imkan verir və beləliklə, beynin qoruyucu baryerini keçməyə kömək edir.
Alimlər bildiriblər ki, beyin şişlərinin müalicəsində əsas problemlərdən biri hematoensefalik baryerdir. Bu baryer toksin və infeksiyaların beyinə daxil olmasının qarşısını alsa da, eyni zamanda dərmanların təsirini də çətinləşdirir.
Yeni sistemdə xüsusi gel əsaslı texnologiyadan istifadə olunub. Burun boşluğuna daxil edilən maye preparat qısa müddətdə gel formasına keçir və selikli qişada uzun müddət qalaraq dərmanın təsirini artırır.
Tədqiqat zamanı əsas maddə kimi Ribavirin preparatından istifadə edilib. Son araşdırmalar bu preparatın ən aqressiv beyin şişlərindən biri hesab olunan qlioblastomaya qarşı təsir göstərə bildiyini ortaya qoyub.
Texnologiya əvvəlcə laborator şəraitdə, daha sonra isə siçovullar üzərində sınaqdan keçirilib. Nəticələr dərmanın burun boşluğundan birbaşa beyinə keçə bildiyini göstərib.
Tədqiqatçılar qeyd ediblər ki, hazırlanan sistem gələcəkdə digər şiş əleyhinə preparatların çatdırılması üçün də istifadə oluna bilər.
NURİYYƏ













